Humay Qədimova illərdir sinəsinə sıxıb çaldığı tarı ilə böyüyüb. Bu gün peşəkar musiqiçilərlə bir səhnədə sənət göstərən tarzənin iddiaları böyükdür. Söhbəti “Lider” televiziyasında “Muğamın səsi” layihəsi ilə açan Humay yeni layihələrinin ilk müjdəsini də verdi. Modern.az gənc xanım tarzənlə müsahibəni təqdim edir:
- Müjdələrimdən biri budur ki, Asəf Zeynallı adına Kollecdə dərs dediyim bir neçə tələbəm Azərbaycan Milli Konservatoriyasına daxil oldu. Gənc müəllimə üçün bu fəxrdir. Yetirmələrim ümidlərimi doğruldur. “Muğamın səsi”də aparıcılıq etməyim təsadüf oldu. Sənətimə o qədər aludə olmuşam ki, aparıcılıq edəcəyim ağlıma gəlmirdi. Hərdən dostlarım zarafatla deyir ki, “başın tara elə qarışıb ki, ailə həyatı qurmaq yadından çıxıb”. İdeya televiziya rəhbərliyi tərəfindən oldu. Belə bir layihə əvvəldən nəzərdə tutulmuşdu. Aparıcı olaraq, mənim adım üzərində dayandılar. Sənəti bilməyim, sənətkarları tanımağım mənə bu şansı verdi. Muğam müsabiqələrinin iştirakçıları, xalq və əməkdar artistləri,peşəkar musiqiçiləri qonaq qismində dəvət edirik. Qısa zaman ərzində böyük izləyici auditoriyası toplamışıq.
- Tarla bağlı planlarınız nədi?
- 7 əsas muğamımız var. Çoxdankı arzumdu ki, tarın müşayiəti alıtnda həmin muğamları dəsgah şəklində lentə yazdırım və qızıl fonda təqdim edim. Bunu gələcək nəsilə ərməğan etməyi düşünürəm. Bu layihə ilə bağlı tərəddüdlərim çox oldu. Bir neçə dəfə cəhd elədim, amma düşündüm ki, daha da püxtələşməliyəm. Elə bir ifa olmalıdı ki, sənətkarlarımız dinləyəndə “afərin” deyə bilsinlər. İndi özümü buna hazır görürəm. Ümid edirəm ki, 2016-cı ilin ilk aylarında bu layihəni təqdim edəcəm. Daha bir layihəmdə var, o barədə yaxın günlərdə dəqiq informasiya verə biləcəm.
- Humay efirlərdə az görünür. Həmin vaxtınızı nəyə xərcləyirsiniz?
- Peşəkar sənət nümayiş etdirmək üçün mənim aylarla məşqə ehtiyacım var. Efirlərə şou göstərmək yox, sənət göstərmək üçün çıxmağı istəyirəm. Gün ərzində müəyyən qayğılar var, onların həllinə vaxt ayırıram, tələbələrimlə görüşürəm. Daha çox gecə saatlarında məşq edirəm. Bütün şəhər yatır. Mən elə olur sübhə qədər məşq edirəm.
- Humayı son vaxtlar həm də milli saz, ud alətində ifasını eşidirik.
- Tarı əlimə 1999-cu ildə almışam. O dövrdə bəllidir ki, milli alətlər, milli musiqi bu günkü qədər təbliğ olunmurdu. Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti və muğam ifaçıları böyük dəstək və qayğı görməyə başladı. Mən tarı əlimə götürəndə onun maddi tərəfini qətiyyən düşünmürdüm. Tarı sadəcə sevmişəm. Evdə məni fprtepianoya göndərirdilər. Amma müəyyən tərəddüdlərdən sonra tar sənətinə yiyələnə bildim. Bu tərəddüd ondan yaranırdı ki, tarı daha çox kişilər ifa edir. Lakin alətə olan məhəbbətim, sevgimdən mən tarın simasında tanındım.
- Vokal sənətinə keçməyiniz insanlarda belə bir fikir yaratdı ki, Humay tarı atıb.
- Bir gün əlim tarın siminə toxunmasa, məndə əhval-ruhiyyədən əsər-əlamət qalmaz. Mən rahatlığımı sənətimdə tapıram. Tarı dediyim kimi sadəcə sevdim, o, ümmadığım yerdən mənə şan-şöhrət də gətirdi, qazanc da. Onu niyə atmalıyam?
Modern.az