Modern.az

“Mozalan” və “Səlnamə” studiyaları bu il nə çəkiblər? – AÇIQLAMA

“Mozalan” və “Səlnamə” studiyaları bu il nə çəkiblər? – AÇIQLAMA

Media

9 Oktyabr 2015, 10:12


1970-ci ildə təsis edilən “Mozalan” satirik kinojurnalı yarandığı illərdə çox böyük nüfuz sahibi idi. 1970-80-ci illərdə kinojurnalın hazırladığı süjetlər qanunsuz fəaliyyət göstərən müəssisələrin bağlanmasına, rəhbərlərin işdən çıxarılmasına səbəb olurdu.

Ona görə də uzun müddət “Mozalan”ın adı gələndə demək olar dövlət qurumlarının rəhbərlərinin əksəriyyəti narahat olurdular. Lakin sonradan 180 nömrədən çox buraxılışa imza atan “Mozalan”ın fəaliyyəti donduruldu.

2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin tərkibində “Mozalan” studiyası yaradıldı və kinojurnalın fəaliyyətinə yenidən start verildi.

Studiyaya rəhbər isə yazıçı Orxan Fikrətoğlu təyin edildi. Nazir Əbülfəz Qarayevin ötən il həyata keçirdiyi kadr dəyişikliyindən sonra Orxan Fikrətoğlu “Səlnamə” studiyasına rəhbər gətirildi, “Mozalan” studiyası isə “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmova həvalə edildi.

Nazirliyin kino sektorunun müdiri Yusif Şeyxov Modern.az saytına həm “Mozalan”, həm də “Səlnamə” studiyalarının 2015-ci ildəki fəaliyyəti haqqında açıqlama verib:

“Bildiyiniz kimi, “Mozalan”ın  fəaliyyətində fasilə yaranmışdı. Amma Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində studiya kimi təsis ediləndən sonra bir sıra layihə həyata keçirildi. Ondan sonra “Mozalan” fəaliyyətini yenidən bərpa etdi. Bir neçə il bundan qabaq “Mozalan” üçün satirik süjetlərin ssenari müsabiqəsi keçirildi.

Müsabiqənin qalib ssenariləri əsasında süjetlər lentə alındı. Bu il ərzində “Mozalan”ın artıq iki - 194 və 195-ci nömrələri hazırlanıb. Hər nömrədə 4 süjet var. Gələcəkdə onların təqdimatı olacaq. “Mozalan”ın gələcək fəaliyyətini parlaq görmək istərdik”.  

Sektor müdiri hazırda Orxan Fikrətoğlunun rəhbərlik etdiyi “Səlnamə” studiyasının bu ildəki fəaliyyətindən də danışıb:

“Səlnamə”də bu yaxınlarda “Yüksəliş” adlı filmin təqdimatı oldu. Məşhur həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı general-leytenant Kərim Kərimov haqqında çəkilib.

Bundan başqa, Azərbaycan hərb tarixinin parlaq simalarından olan Hüseyn bəy Naxçıvani haqqında “Hüseyn bəy Naxçıvani - qayıdış” filmi bu il təhvil verilib.

Naxçıvan Muxtar Respublikası haqqında da bir sənədli film lentə alınıb.

Rejissor Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin polkovniki olan Vəlibəyov haqqında “Polkovnik” filmini çəkib. Həmin hərbçinin çox qəribə taleyi olub. O, AXC süqut edəndən sonra ölkəni tərk edib və Polşa qoşunlarında zabit kimi çalışıb. İkinci Dünya Müharibəsində isə Argentinaya gedib, orada da həlak olub.

Buna baxmayaraq, Polşa hökuməti onu unutmur və nəşini Varşavaya gətirərək burada dəfn edilib”. “Səlnamə” “Azərbaycanfilm” kinostudiyasının 7 studiyasından biridir. 1988-ci ildə təsis edilib. C.Cabbarlının adını daşıyan kinostudiyanın digər 6 studiyası “Yaddaş”, “Azanfilm”, “Rakurs” , “Birlik”, “Debüt” və barəsində danışdığımız “Mozalan” studiyalarıdır.  

Elmin NURİ      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi