Millət vəkili Qənirə Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının birləşdiyi təşkilatın (“HOMS”) toplantısında iştirak edib. O, qurumda rəhbərliyə gələn Pakistanın ölkəmizdəki səfiri X.Osman Qayserin xanımı Asima Qayseri təbrik edib. Xanım Asima Qayser millət vəkili Qənirə Paşayevaya təşəkkür edərək təşkilatın özəl hədiyyəsini təqdim edib və bundan sonra da hər zaman qurumla əməkdaşlıq edəcəyini və dəstəyini əsirgəməyəcəyinə inandığını deyib.
Qənirə Paşayeva “HOMS”un hər il keçirdiyi xeyriyyə yarmarkası, İçərişəhərdə 30-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi süvenirləri və mətbəx nümunələrinin sərgi-satışı, həmçinin milli musiqi və rəqslər nümayiş olunduğu tədbirlərin, xeyriyyə aksiyalarının gözəl addım olduğunu bildirib və xanımlara bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi yol, qazandığı nailiyyətlər, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verən millət vəkili Azərbaycanın bu gün multukulturalizm sahəsində dünyanın bir çox ölkələrinə gözəl örnək olduğunu deyib. Azərbaycanda müxtəlif xalqların və dini icmaların təmsilçilərinin hər zaman mehriban yaşadığını deyən Qənirə Paşayeva ölkə rəhbərliyinin yeritdiyi siyasətdə bu məsələyə hər zaman böyük önəm verildiyini xüsusi vurğulayıb.
Millət vəkili diplomat xanımlarını təmsil etdiyi Tovuz rayonuna dəvət edərək orada bu cür görüşlərin gənclər üçün önəmindən danışıb. Millət vəkilinin təklifləri səfir xanımları tərəfindən müsbət qiyməntləndirilib.
Modern.az