Modern.az

Mikayıl Cabbarov Tbilisidəki Azərbaycan məktəblərinə getdi -FOTO

Mikayıl Cabbarov Tbilisidəki Azərbaycan məktəblərinə getdi -FOTO

9 Oktyabr 2015, 12:58


Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidzenin dəvəti ilə bu ölkəyə səfər edən təhsil naziri Mikayıl Cabbarov öncə Tbilisidə yerləşən Heydər Əliyev Parkını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze ilə görüşüb.

Görüşdə nazirlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə inkişafını və hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd ediblər.

Nazir eyni zamanda Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərdə olub.

Mikayıl Cabbarov Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərdə yaradılan şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşüb.

Tbilisidəki 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri və normal təhsil almaları üçün hər cür şərait yaradılıb. Şagirdlər Azərbaycan, gürcü və ingilis dillərində Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Azərbaycanın təhsil naziri 64 saylı məktəbə gəlib. Məktəbin direktoru Tamara Mamsikaşvili qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus və gürcü bölmələri də fəaliyyət göstərir. Nazir məktəbdəki sinif otaqları ilə tanış olub. Məktəbin nəzdində fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.

M.Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib. Təhsil Nazirliyi adından məktəblərə xatirə hədiyyələri təqdim olunub. Sonra nazir Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

Muzeyin elmi işçisi Leyla Əliyeva bu mədəniyyət ocağının fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.

Daha sonra M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının üzvləri ilə görüşüb. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn M.Cabbarovun səfərinin məqsədi barədə məlumat verib. Nazir ölkəmizdə təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən, Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsindəki əlaqələrdən danışıb. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə əlaqədar xüsusi layihələr hazırlanır.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, Azərbaycan dilində olan məktəblərin Azərbaycan dili və Azərbaycan ədəbiyyatı dərslikləri ilə təmin olunması, hər iki dili tədris edən müəllim kadrlarının hazırlanması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dünyanın bütün dövlətlərində yaşayan azərbaycanlıların mənəvi Vətənidir və Gürcüstanda yaşayan soydaşlarımız da bununla qürur duyurlar.


 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək