Modern.az

YAP debatlara qatılmayacaq? - AÇIQLAMA

YAP debatlara qatılmayacaq? - AÇIQLAMA

9 Oktyabr 2015, 14:14


Yeni Azərbaycan Partiyası (YAP) öz namizədlərinin təbliğat-təşviqat kampaniyasını partiyanın mətbu orqanlarında ödənişsiz formada yerinə yetirəcək. YAP rəsmiləri bu siyasi qurumun deputatlığa namizədlərinin ödənişsiz efir vaxtına qatılmayacağını da bəyan edib. Və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət də göndərilib.

Hakim Partiyanın mətbuat xidmətinin rəhbəri  Hüseyn Paşayev Modern.az-a açıqlamasında bununla Seçki Məcəlləsinin tələblərinə zidd addım atmaq istəmədiklərini bildirib

“Seçki Məcəlləsində deputatlığa namizədlərin  hər hansı bir efirdə,  yaxud digər kütləvi informasiya vasitələrində debatları nəzərdə tutulmayıb. Ona görə də Seçki Məcəlləsinin tələblərinə zidd gedə bilmərik.

Sadəcə olaraq, hər bir deputatlığa namizəd fərdi qaydada bu və ya digər formada özünün təbliğatını apara bilər və aparmalıdır.

Dediyiniz debatlara gəldikdə isə ancaq siyasi partiyalar pulsuz efir vaxtından istifadə edə bilərlər. Bu zaman debatlar mümkündür”.

Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasına edilən müracətin də səbəbini açıqlayıb.

“Builki seçkilərdə siyasi partiya kimi iştirak edən təşkilat Yeni Azərbaycan Partiyasıdır. Digər siyasi partiyalardan heç birinin 60-dan çox namizədi qeydə alınmayıb, pulsuz efir vaxtı hüququ qazanmayıblar. Bu hüququ yalnız YAP qazanıb. Yeni Azərbaycan Partiyası da siyasi arenada tək qaldığına və digər rəqib partiya olmadığına görə pulsuz efir hüququndan imtina edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasına  məktubla  müraciət edilib. Burada əsas məqsəd digər bitərəf namizədlərin o cümlədən  siyasi partiyadan olan namizədlərin seçkilərdə bərabər şəraitdə  təşviqat  aparmaq  hüququnu gözləməkdir. Təbliğat-təşviqat kampaniyasında hər hansı bir üstünlüyə yol verməmək,  yəni, təbliğat-təşviqat kampaniyasının namizədlər arasında bərabər şəraitdə aparılması məqsədilə bu addım atılıb”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək