54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahanın şikayəti Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda təmin olunub.
Modern.az saytı xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın müaciətinə baxılıb.
Qeyd edək ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini qeydə almayan dairə seçki komissiyasından MSK-ya şikayət etmişdi
MSK-nın bugünkü iclasında bildirilib ki, dairə seçki komissiyası E.Seyidcahanın namizədliyini qeydə almamağını onunla əsaslandırıb ki, guya, müğənninin təqdim etdiyi 550 imzadan 43-nün saxtadır, 180 seçici isə verdikləri imzanın etibarsız hesab edilməsi üçün müraciət göndərib.
Amma MSK-nın araşdırması zamanı məlum olub ki, 180 müraciətdən yalnız 78 əsaslıdır.
Beləliklə, yerdə qalan imzalar kifayət etdiyindən E.Seyidcahanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
E.Seyidcahan MSK rəhbərliyinə təşəkkür edib: “Yoxsa məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz”.
Modern.az