“Bankların bəzilərinin öhdəliklərini yerinə yetirməməsi vətəndaşların bəzilərində pullarının əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb.
Lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb”.
Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib. O, Mərkəzi Bankın rəsmi məlumatına əsasən bildirib ki, əgər bu il banklarda iyulun 1-də 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb.Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bankların bəzilərində əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta, sadəcə təhlükəsizlik baxımından vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur”.
Bəs, əmanəti hansı bankda saxlamalı? Əmanət yerləşdirən zaman nələrə diqqət yetirməli?
Vüqar Bayramov bu sualları da cavablandırıb:
1. Pulunuzu əmanət kimi banka yerləşdirməzdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər.
Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar.
2. Bankın internet səhifəsində maliyyə hesabatlarının mütəmadi yerləşdirilməsinə diqqət yetirmək. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə edilmir.
3. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyü bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür.
Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmamaq üçün üzvlük statusuna baxılması vacibdir.
4. Banka əmanət yerləşdirməzdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında sorğu keçirilməsinə ehtiyac var. Bununla da siz əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz.
Çünki tanışlarınızın üzləşdiyi problemlər sizin qərarlarınıza birbaşa təsir göstərəcək. Onların fikirləri real vəziyyəti əks etdirir. Mütəxəssis qeyd edib ki, bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir: “Əgər bu şərtlərdən hər hansı biri yoxdursa, o zaman bir daha düşünməyiniz lazımdır”.
O, əmanət yerləşdirən zaman bir bankda pulun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirmək lazım olduğunu bildirib:
“Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçiyə görə aparılır. Nəhayət, yüksə faiz təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın”.
Gülşən RAUFQIZI