Modern.az

Onu Marsda qoyub getdilər...

Onu Marsda qoyub getdilər...

Təhsil

7 Oktyabr 2015, 08:09

Məşhur rejissor Ridli Skott bu il özünün səs-küylü “Marslı” filmi ilə gündəmə gəldi. “Qladiator”un yaradıcısı Skott “Özgə” filmindən sonra yenidən kosmos mövzusuna qayıtdı. Özü də necə...

“Marslı”nın premyerası Park Cinema tərəfindən təşkil olunmuşdu. Media nümayəndələri bu filmin nümayişini çox həvəslə gözləyirdilər. Zarafat deyil, filmin çəkilməsinə 108 milyon dollar xərclənib. Baş rolu isə Mett Deymon ifa edir.

Onun oynadığı Mark Uitney adlı astronavt bir qrup həmkarı ilə birlikdə Marsda xidmətə göndərilir. Bu planetdə baş verən fırtına nəticəsində Mark itkin düşür. Dostları onun öldüyünü zənn edib Marsdan çıxıb Yerə qayıdırlar. Fəqət, Uitney sağdır və ayılandan sonra özünün o boyda Marsda tək-tənha qaldığını anlayır.

O, əlindəki məhdud sayda cihazlardan istifadə edərək dünyaya yaşadığına dair siqnal göndərməyə nail olur. Milyonlarla km uzaqlarda isə NASA və dünyanın alimləri bu “marslı”nın evə qaytarılması üçün baş sındırırlar. Bu isə ən tezi 4 ilə başa gələ bilər. Həmin müddət Mark lanetdə qalan vitamin, su və yeməklə özünü saxlamalıdır...

Filmdə digər rolları Şon Binn, Keyt  Mara, Cessika Çasteyn, Cef Daniels və Mişel Pena kimi aktyorlar ifa ediblər.

Filmə baxandan sonra bir daha əmin olursan ki dünyada insan qədər dözümlü məxluq yoxdu. Çarəsiz duruma düşəndə hər kəs ağlagəlməz addımlara qadirdir.

Qeyd edək ki, “Marslı” filmi prokatda yüksək reytinqlərə malikdir. Amerikada lider olan film artıq 108,7 milyon dollar toplaya bilib. Filmə Park Cinema kinoteatrlar şəbəkəsində 3D formatında baxmaq mümkündür.


 F.Əliyeva

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək