Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı sahibkarların müdafiəsindən və problemli kreditlərdən danışıb.
Modern.az saytı xəbər verir ki, Bahar Muradova üzünü Mərkəzi Bankın rəhbərliyinə və hökumət üzvlərinə tutaraq “Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də orta və kiçik sahibkarlığın inkişafını, kreditləşmə prosesini sürətləndirmək lazımdır”- deyə müraciət edib.
Bahar Muradova eyni zamanda yeni investesiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb:
“Kiçik və orta sahibkarlıq mövcud olmadan Azərbaycan iqtisadiyyatını artıra bilmərik. Regionlarda çox saylı subyektlər açılıb və bir neçə aydan sonra bir-birinin ardınca bağlanır. Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir.
Bu, ümumi səbəblərdir, amma burada başqa səbəblər də var. Biz neçə edə bilərik ki, orta və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olaq?
Bunların qeydiyyatı aparılmalıdır ki, zamanında yaranmış kadr potensialı olan subyektlərin fəaliyyətinin davam etdirilməsi üçün nələr etmək olduğunu müəyyənləşdirək. Ehtiyac yoxdur ki, yeni sahələr açılsın. Mövcud müəssisələrə yardımlar etməklə onların fəaliyyətini davam etdirmək olar. Buraxılmış səhvlər araşdırılar və etibarlı dövlət-biznes qurumları formalaşa bilər”.
Aytən Zəhra