Mahir Qabiloğlu
Bir-iki ciddi, yəni ironiyasız, mübaliğəsiz, ürəkdən gələn söz deyim, sonra da başlayım yuxumu sizə danışmağa. Deyəcəksiniz ki, yuxunu suya danışarlar. Bir də ki, xalqımızın o qədər inancları var ki... Get xalq dediyini həyata keçir, əgər nəsə hasil olmasa, razıyıq, bizə danış. Amma ki, əziz oxucu, elə bir pat vəziyyətinə düşmüşəm ki, siz dediklərinizi qələt eləyərəm bir də eləyərəm. Düzünü desəm elədim. Amma nəticə çox pis oldu. ANS-i düz üç dəfə cərimələdilər. Atalar isə üçdən deyib. Vay dördüncüdən. Ona görə də yuxumu sizə danışacağam. Bəlkə birlikdə bir çıxış yolu tapdıq.
Publisist kimi fəaliyyətə başladığım gündən birinci dəfədir ki, şahmat diliylə desəm, PAT vəziyyətinə düşmüşəm. Teleradio Şurasının (MTRŞ) çıxardığı qərarlara nə mənfi, nə də müsbət münasibət göstərə bilirəm. Desəm ki, MTRŞ çıxardığı (düz və ya qərəzli) qərarlar ürəyimcə deyil, yalan danışmış olaram. Bəs niyə bu barədə fikrimi izhar eləmədim? Ona görə ki, Elbrus Ərud bu mövzuya toxunaraq, “Necə olur ki, Xoşqədəm Mirşahindən populyardır?..” adlı yazı çap etdi. Orda yazılanların 95 faiziylə razıyam. Ona görə də yazıb təkrarçılığa yol verə bilməzdim. Bir də ki, MTRŞ-nin qərarını dəstəkləsəydim, telejurnalist həmkarlığı adlanan yazılmamış qanuna xəyanət etmiş olardım. Necə də olsa 11 il televiziyada işləmişəm. Azərbaycanın televiziya kanallarını, nə üçün bu böhrana düşdüklərini gözəl başa düşürəm. Səbəb puldur. Yəni ki, maliyyə. (AzTV və İTV istisna olmaqla. Onlar büdcədən maliyyələşir)
Bu gün televiziya sədrinin otağına “veriliş hazırlamaq istəyirəm” iddiasıyla girənlərin nə şəxsiyyətinə, nə də jurnalistlik bacarıqlarına qiymət verirlər. Daha doğrusu bu başlıca meyar deyil. İlk yaranan sual “sponsorun varmı” sualıdır ki, bu da çox təbiidir. Bu da heç kimə sirr deyil. Özəl televiziyalar reklam, sponsor hesabına yaşayır.
HAŞİYƏ: Ay MTRŞ, reklam başqa şeydir, sponsorluq başqa. “Reklam haqqında” qanun var, sponsorluq haqqında qanun yoxdur. Sadəcə olaraq “Reklam haqqında” qanunun içinə salınmış balaca bir sponsorluq bəndi var ki, bu da qaneedici sayıla bilməz. Qanun əsasında sponsorluq fəaliyyəti öz həllini tapsa, sponsorlar indiki kimi aparıcının, verilişin reytinqinə yox, verilişin keyfiyyətinə pul buraxarlar. Sponsorluq geniş anlam olduğu üçün bu, təkcə televiziyalara aid deyil. Kitab çapı, alimlər, radio, qəzet, daha nələr, nələr...
Bu gün isə sponsorluq iki cəbhəyə bölünüb. Konsert və televiziyalar. Bir də ki, dırnaqarası mənada. Çox xırdalığa getmək istəməzdim. Bir mahnıda deyiən kimi: “Təkcə səndən xoşum gəlir”. (SON)
Televiziyalarımızı pisləyə bilməsəm də, tərifləmək fikrim də yoxdur. Çünki zövq müxtəlifliyi deyilən bir şey var ki, mənim xoşuma gələn, yüzünün xoşuna gəlməyə bilər. Yüzünün xoşuna gələni mən bəyənmərəm. Mənim şəxsən AzTV-nin “Mədəniyyət kanalı”na baxmaqdan xoşum gəlirdi ki, onu da tərgitdim. Hazırlanan verilişlər güclü olmağına güclüdür. Amma ki, korifeylər haqqında verilən verilişlərə baxanda, bugünkü Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin real mənzərəsi üzə çıxır ki, bu da məni çox mütəəssir edir.
MTRŞ-nin yarandığı gündən 13 il sonra bu cür əməli fəaliyyətə başlaması məni sevindirir. Nə olsun ki, gecikib. Ruslar demişkən: “Luçşi pozdno, çem nikoqda”. Bu, bir nəticə verəcəkmi? Pul cərimələrini başa düşdüm. Aşınan, qınına qısılıb korşalan milli-mənəvi dəyərləri yeni verilişlər çəkməklə, bərpa etmək mümkün olacaqmı? Çətin. Mən özümə cavabdehəm. O qədər çatışmayan, pis cəhətim var ki... Mən şəxsən çətin düzələm. Bir də ki, atalar mənimçün deyib də... “Qozbeli qəbir düzəldər”. MTRŞ, nə etsən də, artıq gecdir. Mənəviyyat, tərbiyə, milli-mənəvi dəyər qapalı, toxunulmaz bir şeydir. Sanki quşdur, qəfəsdədir. Televiziyalar hər bir evə girərək qəfəsin cəftəsini açdılar. Ruslar demişkən: “Ptiçka uletel”. Çətin geri dönə.
“Mahir, bəsdir bədbin-bədbin sözlər danışdın. Necə olsa, baba adamsan. Bir az müdrik danış. Denən ki, “Allah qoysa yaxşı olar. İnşallah””.
Düz deyirsiniz, ümid Allaha qalıb. MTRŞ, Allah köməyin olsun. Sənin də, televiziyalarımızın da...
Yaman uzun giriş verdim. Ürəyim doludur. Amma yaza bilmirəm. Dedim axı ki, PAT-dayam. Keçək yuxuya:
Yuxuda görürəm ki, MTRŞ-nin iclasıdır. Mən də MTRŞ-nin prezident sərəncamıyla təyin olunan üzvüyəm. Danışmıram, dinmirəm. Havayı maaşdır da alıram özümçün. Həm də ki, soruşanda qürrələnirəm ki, vəzifə adamıyam. Əsas söz sahibi isə sədrdir. İclasın gündəliyinə isə bir məsələ salınıb. Televiziyalara lisenziyaların verilməsi. Birinci AzTV-ni çağırırlar. Nuşirəvan müəllim deyir ki, “bəs sizə bir sual verəcəyəm. Düzgün cavab versəniz, lissenziya sizindir. Deyin görək, Azərbaycanın paytaxtı hansı şəhərdir?”.
AzTV-nin səlahiyyətlisi fikirləşmədən cavab verir ki, “Bakı şəhəri”. Bu cavabı mən və bütün Şura alqışlarla qarşılayıb, bir nəfər kimi əlimizi göyə qaldırırıq. Yəni ki, “Za”.
İkinci İTV gəlir. Nuşirəvan müəllim ona “Gürcüstanın paytaxtı haradır?” sualını verir. İTV-nin də səlahiyyətlisi fikirləşmədən “Tiflis” deyir. Nuşirəvan müəllim duruxur. Üzünü bizə tutaraq “”Şura üzvləri, əslində cavab Tbilisidir. Yəqin ki, yoldaş qədim tarix kitablarından bu cür yadında qalıb. Məncə cavabı düzgün qəbul etmək olar. Amma bir də belə səhvlərə yol verməsin” deyir. Biz də onunla razı olduğumuzu başımızı aşağı-yuxarı tərpətməklə təsdiq edirik. İTV-yə də lissenziya verilir.
“Space” Böyük Britaniyanın paytaxtı hansı şəhərdir sualına düzgün cavab verir. Beləcə, bütün televiziyalar viktorinadan üzüağ çıxırlar.
Növbə çatır ANS-ə. Mir Şahin durur ayağa. Sual səslənir: “Mir Şahin müəllim, Makaonun paytaxtı hansı şəhərdir?” Mir Şahin bir an duruxur.
- Haranın?
- Makaonun.
- Xahiş edirəm, Nuşirəvan müəllim, sualı bir az dəqiqləşdirin. “Makao”, yoxsa “Makaon”? Kök hansıdır?
- “Makao”. Sonunda “n” hərfi yoxdur.-deyə Nuşirəvan müəllim cavab verir.
Mir Şahin qızarır. İllərlə müsahiblərinə verdiyi minlərlə köntöy suallar bir anlıq gözünün önündən keçir. Bu suallarla kimisə bağlayanda “Ay can, ay can” deyib atılıb-düşməyini xatırlayır. Amma indi adi bir sualın qabağında aciz qalıb. O sual ki, ANS-in taleyi bu suala cavabdan asılıdır: “Makaonun paytaxtı hansı şəhərdir?”.
- Nuşirəvan müəllim, “dosta zəng” olarmı?
- Olmaz. “Lider”ə olardı, amma sənə olmaz.
- Niyə? Bu nə ayrı-seçkilikdir?
- Çünki “Lider” heç olmasa “Milyonçu”, “Zəif bənd” kimi intellektual verilişlər verib. Sizin ANS hansı intellektual verilişlərlə yadda qalıb? Olmaz. Bilmirsinizsə, deyin bilmirəm. Söhbəti qurtaraq. Üçəcən sayıram. 1....2....
Hövllü yuxudan oyanıram. Allaha çox şükür. Demə yuxuymuş. Yoxsa Nuşirəvan müəllim ANS-i bağlayacaqdı. Bəs görəsən Makao haradır? Axı mən də belə dövlət tanımıram. Tez interneti açıb axtarışa verirəm. Demə, Makao özəl inzibati bölgə və ya müstəqil olmayan ölkə-şəhəridir. Paytaxtı da elə Makao şəhəridir.
Burda bir lətifə yadıma düşür: Günlərin bir günü təyyarə göydə qəza vəziyyətinə düşür. Pilot deyir ki, sərnişinlər paraşüt geyinib tez təyyarəni tərk etsinlər. Baxırlar ki, üç sərnişin var, amma paraşüt iki dənədir. Pilot tez tezbazar viktorina keçirməyə qərar verir. Kim düzgün cavab verərsə, paraşütün də həmin adama qismət olacağını bildirir. Birinci sərnişindən soruşur ki, milliyyətin nədir? O da cavab verir ki, erməni. Onda Ermənistanın paytaxtı haradır? “Yerevan” deyə erməni fikirləşmədən cavab verir. Bu dəfə pilot o birisindən milliyyətini soruşur. O da cavab verir ki, “gürcüyəm”. “Gürcüstanın paytaxtı haradır?” sualına o da düşünmədən cavab verir ki, bəs “Tbilisi”.
Üçüncü sərnişin isə Azərbaycanlı olur. Pilot ona nə sual versə yaxşıdır? “Zimbabvenin paytaxtı hansı şəhərdir?”. Azərbaycanlı da baxır ki, sual çox qəliz oldu. Üzünü pilota tutaraq “Pilot, day denən ki, sənə paraşüt vermək istəmirəm də...”.
İndi lətifəsi mənim yuxumdan uzaq. Oyanmasaydım yəqin ki, yerimdən hoppanıb MTRŞ üzvü kimi bu sualı Nuşirəvan müəllimə verəcəkdim. Yaxşı ki, yuxudan oyandım. Yoxsa, bu suala görə iki yüz faiz vəzifəmi itirəcəkdim.
İndi ay oxucu, neyləyim? Deyəcəksiniz ki, get yuxunu suya danış. Mən də elə etdim. Demə inanclara görə, pis yuxunu da, yaxşı yuxunu da suya danışmaq lazımdır. Pis yuxunu suya danışarlar ki, yuyub aparsın. Yaxşı yuxunu da suya danışarlar ki, aydınlıq olsun. Mən də o saat keçdim hamama. Suyun kranını açdım. Nə görmüşdümsə, hamısını danışdım. Sizə nəql elədiyim kimi. Üstündən 3-4 saat keçmişdi ki, bir də gördüm saytlar başladı, nə başladı. Gözümə inanmadım. MTRŞ ANS-in bir neçə verilişini dayandırıb. Ürəyi soyumayıb, hələ 54 min manat cərimə də edib. Peşman oldum yuxumu suya danışmağa. Bir dostuma dedim bu hərəkətimi. Dedi ki, “ay başı xarab, ata-babalarımız, nənələrimiz yuxunu axar suya, çaya-bulağa danışırlarmış. Krandan axan, kanalizasiyaya gedən suya da yuxu danışarlar? Ara yerdə də ANS-i cərimələtdirdin. Sən belə elə. Başqa inanclardan istifadə et. Bizim Zəngəzur bölgəsində belə bir inanc var: "Yuxunu qarışdıranda itə çörək, toyuğa bir qab dən atarsan. Sonra suya nağıl eləsən, xətər sovuşar"”.
Əlacsız qalıb əlimə iki dilim kolbasa, bir də quru çörək götürüb çıxdım həyətə. Ölüm-zülm bir dənə qotur it tapdım. Kolbasanı ona atdım. Onun da heyi olmadı ki, durub kolbasanı yesin. Bu dəfə quş axtardım. Sərçələr qəhətə çıxmışdı. Səpdim yerə çörəyi. Oturdum gözlədim. Quş gəlmədi ki, gəlmədi. Dostuma zəng etdim ki, bu nə bəladır saldın məni. Nə fərli-başlı it tapa bilirəm, nə də quş. O da gülə-gülə cavab verdi ki, “Zəngəzurda quş həyətimizdəki toyuq-cücə idi, it də bütün həyətlərdə vardı, vəfalı dostumuz idi. Çay da həyətimizdən axırdı. Sən Bakıda it, quş axtarma, rayona get”.
İşim-gücüm qurtarıb? Mən kolbasamı atdım, dənimi də tökdüm, kranı açıb suya da danışdım. Mən vətəndaşlıq borcumu yerinə yetirdim. Vicdanım təmizdir.
Üstündən üç gün keçmişdi ki, MTRŞ ANS-i 160 min də qoydu boynuna. Qaldım belə. Axı mən nə qələt elədim, bu yuxunu gördüm. Yuxu görmüsən? Əcəb eləmisən. Day bunu suya niyə danışırsan? Üstəlik İTV-ni də 100 min manat ziyana saldın. Nədi, nədi yuxumda “Tbilisi” yerinə, “Tiflis” deyib. Özümə yer tapmırdım. Day heç kimə danışmadım yuxumu. İnternetə girdim. Gördüm ki, Mədəniyyət və Turizm Nazirliyinin saytında “El-məişət inanc və yozumları” bölməsində “Pis yuxu görəndə pəncərənin qırağına pul qoyarlar” yazılıb. Amma məbləğ yazılmayıb. Yəqin ki, simvolik bir məbləğ olar. Cibimdən 1 manat çıxarıb qoydum pəncərənin qırağına. Elə bunu görmüşdüm. MTRŞ ANS-i 24 min manat da cərimə etdi. Pah atonnan, “TOPAZ”a nə qədər bir manat qoysam da, bir qəpik də qazanmırdım. MTRŞ mənim 1 manatımla 24 000 manat birdən qazandı. Burda deyiblər e... “Bəxtəvər başlarına”.
Ay oxucu, indi özümü ANS-in qabağında günahkar hesab edirəm. Birinci, o pis yuxunu gördüyümə, ikincisi də inanclara inanıb, yuxumu suya danışdığıma görə. Görəsən günahım varmı. Yox. Günahım yoxdur. Düzünü desəm, günah elə Mir Şahinin özündədir. Bu yazımı serial həvəskarları oxusa, “Fatmagülün suçu nə” serialı təbirincə mənə belə bir sual ünvanlayacaqlar: “Mir Şahinin suçu nə?..”. Necə yəni nə? O boyda jurnalist bilmir ki, Makao boyda dövlətin paytaxtı haradır? Özü də ki, Nuşirəvan Məhərrəmlinin sualının cavabı sualda ola-ola.