Xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə Apellyasiya Məhkəməsinə müraciət edib.
Modern.az Axar.az –a istinadən bildirir ki, bu açıqlama ilə müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov çıxış edib.Vəkil bildirib ki, xalq artisti məhkəmənin çıxardığı qadağa ilə razılaşmır:
“Lakin bu şikayət qətnamənin icrasının məcburiyyətinə təsir etmir. O, məhkəmə qərarının qüvvəyə minməməsindən istifadə edib, şikayət edib. O qədər tələsib ki, hüquq prosedurunu pozub. Belə hərəkətlər məhkəmə qərarının icrasına mane ola bilməz”.
N.Həbibi isə Azərbaycanı tərk edib. İfaçı bildirib ki, istirahətə yollanıb. Şimali Qafqaza üz tutan müğənni bildirib ki, qayıtdıqdan sonra yeni mahnılarını təqdim edəcək.
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".
Modern.az