Oktyabrın 18-dən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O, buna səbəb kimi sərnişin sıxlığını əsas gətirib: “Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Ümumilikdə 20 reysdən 10-u Bakıdan Sumqayıta, 10-nu isə əks istiqamətdə hərəkət edəcək”.
Nadir Əzməmmədov deyib ki, oktyabrın 18-dən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Gülşən RAUFQIZI