2015-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşı, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.
Modern.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin açıqlamasında bildirlib.
Rəsmi məlumata görə, ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, inşaat materiallarının, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, mebel və ev əşyalarının, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Statistika Komitəsi bildirib ki, 2015-ci ilin sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,0 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri ucuzlaşmış, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.
Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalçı qiymətləri ucuzlaşıb. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti ucuzlaşıb, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə bahalaşıb
Modern.az