Əcnəbi vətəndaşları bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə yayılan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları araşdırıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib:
“Onların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün nazirliyin aidiyyəti qurumlarına müraciət etməyib.
Bununla da Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq “Heyvanlar aləmi haqqında” qanunun tələblərini pozduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2015-ci il oktyabrın 14-də Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18500 manat məbləğində cərimə və iddia tətbiq edilib”.
Gülşən RAUFQIZI