filologiya üzrə elmlər doktoru, professor
Doğma ana dilini və əcnəbi dili öyrənərkən həmin dillərdə danışmağa çalışmaq lazımdır. Hər yerdə – mağazada, avtobusda, metroda, küçədə öyrəndiyin dilin imkanlarından istifadə etmək, həmin dilin imkanları ilə düşünmək işin xeyrinədir. Bunların hamısı nitqin mədəni olması üçün düşüncə, ünsiyyət vərdişlərini fəal edir. Düşündüyümüz dilin imkanları ilə ünsiyyət qurmaq nitq mədəniyyətini inkişaf etdirmək istiqamətində fəal rol oynayır. Müqayisə üçün qeyd edək ki, fonoqramla oxuyan müğənnilərdə düşündüyü dilin imkanları fəal olmur. Bu da nəticədə fonoqramla oxuyanın süni olaraq nitq mədəniyyətini yaradır. Süni olan nitq mədəniyyəti canlı ünsiyyətə deyil, sadəcə olaraq “ünsiyyət”ə xidmət edir.
Düşündüyümüz dilin imkanlarından istifadə etmək, bu dildə düşünmək beynin özünü düşündürür, bu isə beynin yaşamasıdır, beynin cavan qalmasıdır.Ümumiyyətlə, dildən istifadə etmək beyni düşündürür. Hətta bir neçə dili bilmək və dillərin imkanından istifadə etmək beynin cavanlaşmasında mühüm rol oynayır. Alimlərin araşdırmalarına görə, erkən yaşda xarici dili bilmə bacarığı beynin qocalmasının qarşısını alır. Edinburq Universitetinin Yaşlanma və Epidemoloji mərkəzinin həkimi Tomas Bax apardığı tədqiqatlar nəticəsində belə bir qənaətə gəlib ki, yetkinlik yaşından sonra iki və daha artıq dildə danışmaq beyin üçün əhəmiyyətlidir. Araşdırmalar onu da təsdiq edir ki, dil bilmək və çoxlu mütaliə etmək beynin cavanlaşmasında mühüm rol oynayır. (bax: Dil bilmək beyni qoruyur. – “Kaspi”qəzeti, 26 dekabr 2014, 214 (3309), s.24)
Nitq mədəniyyətinə, nitqin mədəni səviyyəsinə verilən tələblərlə bağlı bəzi məqamlardan bəhs etməyi də vacib sayırıq. Həmin məqamlardan birincisi ondan ibarətdir ki, diktorun, aparıcının, mühazirəçinin nitq mədəniyyətinə qiymət verərkən onun məktəb yaratmasına mütləq fikir vermək lazımdır. Məktəb yaratmaq müəyyən qaydaları, qanunları, tələbləri ortaya qoymaqdır. Başqalarının fəaliyyətini yaratdığı qaydalar, qanunlar, tələblər əsasında tənzimləməkdir. Belə məktəbi olan və öz səsi, diksiyası, mətni oxumaq məharəti ilə fərqlənənlərdən biri də Aydın Qaradağlı olubdur. Aydın Qaradağlı məktəbi nitq mədəniyyətinin tələblərinə cavab verən məktəb olubdur. Onun oğlu Vüqar Qaradağlının müsahibəsindən bir məqam: “Diktorluq məktəbinin olması nə deməkdir? Müəyyən sistem olsun, müəyyən qaydalar, tələblər ortaya qoyulsun. Aydın Qaradağlı məktəbi niyə deyirlər? Çünki diktorluq peşəsi ilə yeganə məşğul olan insan atam idi. Diktor kimi fəxri adı da ilk olaraq atam almışdı. Moskvada atamın Olqa Vısotskaya adlı müəllimi var idi. O, həqiqətən, böyük sənətkar olub. Atam diktorluq sahəsində ona oxşamasını özünə şərəf bilirdi”. (bax: Xatirələrdə yaşayan yaxşılar – Aydın Qaradağlı kimi. – “Kaspi” qəzeti, 29 yanvar 2015, 017 (3328), s.8) Məktəbi olan diktorlara, aparıcılara, mühazirəçilərə müəllim-ustad kimi yanaşırlar. Vaxtilə Aydın Qaradağlı da belə müəllim-ustadlara hörmətlə yanaşmışdır. Moskvada böyük məktəb yaratmış Olqa Vısotskayanı, eyni zamanda Teatr məktəbində ona dərs demiş böyük sənətkar Kazım Ziyanı özünə ustad – müəllim hesab etmişdir.
Kazım Ziya demişkən onun aktyor kimi yaradıcılıq təcrübəsi həmişə gənclər tərəfindən öyrənilməlidir. Mehdi Hüseynin Kazım Ziyanın səhnə fəaliyyətinin 30 illiyi ilə bağlı 1945-ci ildə yazdığı “Kazım Ziya” adlı məqaləsində oxuyuruq: “Kazım Ziya səhnədə həyati danışıqlara qüvvətli meyl göstərir və demək olar ki, hər zaman bədii surətləri öz təbii və real zəminəsi ilə bağlamağa müvəffəq olur. Gənc aktyorlar onun bu yaradıcılıq təcrübəsindən çox şey öyrənə bilərlər və öyrənməlidirlər. Kazım Ziya öz səhnə yaradıcılığı təcrübəsini gənclərə də öyrətməyin zərurətini hiss edir. O, teatr məktəbində və studiyada illərdən bəri səhnə dili dərsləri verməklə yeni kadrlar yaratmaq sahəsində də təqdirəlayiq işlər görmüşdür”. (bax: Mehdi Hüseyn. Kazım Ziya (səhnə fəaliyyətinin 30 illiyi). – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.424-425) Kazım Ziya səhnə dili dərslərində öz istəyinə həm də ona görə nail olmuşdu ki, o, Azərbaycan dilinin bütün zənginliklərini mənimsəmişdi. Bu da aktyor üçün çox vacib şərtlərdən biridir. Məhz Kazım Ziya istedadı, yaradıcılıq potensialı ilə yanaşı, həm də Azərbaycan dilinin zənginliklərini mənimsəmişdi. Ona görə də onun bədii qiraət üsulu da maraqlı olmuşdur. Kazm Ziyanın bu sahədəki fəaliyyəti də aktyorluq sahəsindəki istedadını üzə çıxarmışdır. Mehdi Hüseyn yazır: “Kazım Ziya səhnə yaradıcılığı ilə yanaşı bədii qiraətlə də məşğul olur. Onun hekayələr və şeirlər söyləmək üsulu da çox maraqlıdır. Burada da biz yenə mahir bir söz ustası ilə qarşılaşırıq. Nizaminin dastanlarından, “Dədə Qorqud” boylarından söylədiyi ayrı-ayrı parçalar, Kazım Ziyanın aktyor sənəti sahəsində geniş istedada malik olduğunu aydın göstərməkdədir. Bəzən çox əhəmiyyətsiz görünən misralar onun ifasında o qədər dərin məna kəsb edir ki, biz qeyri-şüuri olaraq, söylənən bədii əsərin hər bir parçasının üzvi bir vəhdət təşkil etdiyini daha möhkəm hiss etməyə başlayırıq”. (bax: Mehdi Hüseyn. Kazım Ziya (səhnə fəaliyyətinin 30 illiyi). – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.425) Deməli, həyat təcrübəsi, eləcə də yaradıcılıq təcrübəsi, istedad, sözlərdən, ifadələrdən, cümlələrdən düzgün istifadə etmək, yəni dilin bütün imkanlarını öz təbiiliyi ilə ifadə etmək qabiliyyəti, bütün bunların hamısı aktyor üçün vacib şərtlərdir. Aktyor səhnə dilinin nəzəri məsələlərini də, səhnə dilinin praktik cəhətlərini də yaxşı bilməklə yanaşı, onları bir-biri ilə məqamında və yerində əlaqələndirməyi bacarmalıdır. Kazım Ziya kimi. Mehdi Hüseynin sözləri ilə desək: “Kazım Ziyanın aktyor sənəti səhnədə təbii danışıq əsasında inkişaf etmişdir. Heç də təsadüfi deyildir ki, o, səhnə dilinin nəzəri məsələləri ilə də yaxından məşğul olur. Həqiqi realizmi tətbiq etməyə çalışan bu sənətkar, kitab dili ilə canlı danışıq dili arasındakı fərqi də çox düzgün anlamışdır. Səhnədə sözlər, cümlələr olduğu zaman, əlbəttə, ifa edilən hər bir insan surəti öz təbiiliyini itirir. Bunu Kazım Ziya öz həyat təcrübəsindən bilir. Səhnəni canlı həyatın bədii inikas forması kimi qəbul edən hər bir sənətkar da bunu mütləq bilməlidir”. (bax: Mehdi Hüseyn. Kazım Ziya (səhnə fəaliyyətinin 30 illiyi). – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013. s.424)