Bakıda intihara cəhd olub. Hadisə bu gün saat 14.30 radələrində paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb. Tikintisi hələ başa çatmamış çoxmərtəbəli binanın 16-cı mərtəbəsinə çıxan kişi özünü atmaq istəyib.
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az saytına bildirib ki, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri özünü atmaq istəyən şəxsi fikrindən daşındıra biliblər və intihar cəhdinin qarşısı alınıb.
İntihara cəhd edən şəxsin Şəmkir rayon sakini, 1992-ci təvəllüdlü Tamerlan Ələsgərli olması müəyyənləşib. İlkin araşdırmalarla o da məlum olub ki, T.Ələsgərlinin əmisi ilə arasında mənzil problemi olub. Bu problemi məhkəmə yolu ilə həll edə bilmədiyi üçün o intihara cəhd edib. T. Ələsgərli bundan əvvəl də bir dəfə belə bir addım atıb və bu onun ikinci intihara cəhdidir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gülşən RAUFQIZI