Modern.az saytı “İlk dəfə səhnədə” adlı yeni rubrikaya start verir. Rubrikada adından da göründüyü kimi, səhnə adamlarının-aktyor, müğənni, musiqiçi, rəqqasların səhnəyə ilk dəfə çıxdıqları anın təəssüratları oxuculara çatdırılacaq. Rubrikanın ilk qonağı isə tanınmış cazmen, əməkdar artist, uzun müddət “Qaya” Dövlət Ansamblının solisti olmuş Cavan Zeyanllıdır:
Əsl adı Cavanşir olan Cavan Zeyanllı səhnəyə ilk dəfə 1968-ci ildə 23 yaşında çıxıb. O zaman cazmen Musiqi Kollecini yenicə bitirib Dövlət Konservatoriyasına qəbul olunmuşdu. Hər zaman peşəkarların yanında çalışsa da, özünə görə müəyyən qədər püxtələşsə də, bu, onun səhnə həyəcanını qarşısını almayıb:
“1968-ci il idi.... O zaman Filarmoniyada kapellanın solisti idim. Səhnəyə də ilk dəfə o vaxt çıxdım. İlk dəfə səhnəyə tək çıxdım və “Bakı haqqında mahnı”nı oxudum. Tofiq Quliyevin bu bənzərsiz mahnısını yəqin ki, hamınız eşitmisiniz. Rəşid Behbudov onu çox böyük ustalıqla səsləndirib. Odur ki, səhnəyə ilk dəfə çıxıb bu mahnını oxumaq mənim üçün çox çətin idi. Çox həyəcanlı idim. Gənc olsam da, peşəkarlıqla bağlı heç problemim yox idi. Çünki bir çox peşəkar insanların yanında artıq bərkimişdim. Amma bu da səhnədir. Bəzən səhnə nə peşəkarlığa, nə də istedada baxır. Bacardığı qədər insanı həyəcanlandırır. Bu, mənə də keçdi. Səhnəyə çıxana kimi mənə peşəkar bəstəkarlar çox kömək etdirlər. Tofiq Babayev, Xəyyam Mirzəzadə, Rauf Hacıyev, Tofiq Quliyev mənə vaxtikən çox yardım etmişdilər. Bu yardım ilk dəfə səhnəyə çıxanda da özünü göstərdi. Doğrudur, səhnəyə əvvəllər də çıxmışdım, amma ifaçı kimi. İndi hamının korifey saydığı gözəl müğənnilərin çoxunu müşayiət etmişəm. Amma ilk dəfə ifaçı kimi səhnəyə çıxırdım. Heç təsəvvür etməzdim ki, bu qədər çətin olar. Amma görünür bacarmışam. O vaxtdan çox illər keçib. Təqribən 40 ilə yaxındır. Çox şey yadımda deyil. Amma Xəyyam Mirzəzadə, Rauf Hacıyev kimi musiqiçilərin təsəllisi, bir də səhnə həyəcanı heç vaxt yadımdan çıxmır”.
İlk səhnə həyəcanından danışan 70 yaşlı musiqiçi elə səhnə tarixçəsini də bölüşür:
“İlk dəfə musiqi məktəbinə getmişəm. Orada skripka şöbəsində təhsil alırdım. Görürdüm ki, skripka çox çətindir, ona görə də məni fortopiano şöbəsinə keçirdilər. Elə piano üzrə təhsilimi bitirdim. 1967-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecində Bəstəkarlıq fakültəsinə daxil oldum. 4 il orada təhsil aldım. Sonra mən Müslüm Maqomayevin ifasıni eşitdim və məndə oxumağa həvəs yarandı. Bundan sonra məni filarmoniyaya dəvət etdilər. Orada əvvəlcə Estrada Ansamblında, daha sonra da müxtəlif yerlərdə çalışmağa başladım. Musiqi təhsilimi inkişaf etdirmək üçün Dövlət Konservatoriyasına qəbul olundum və oranı vokal - solo ifa üzrə bitirdim. Peşəkar musiqiçi fəaliyyətim də bundan sonra başladı. Daha sonra o zamanların məşhur “Qaya” ansamblında 20 il çalışdım. Qastrollara getdik, dünyanın müxtəlif ölkələrində konsert verdik. Sonra Rəşid Behbudov məni mahnı teatrına dəvət etdi. Mən onun ansamblında 10 il çalışdım.
Vaqif Mustafayev mənim çox yaxın dostum idi və o mənə cazı öyrənməyə çox kömək edirdi. Filarmoniyada çalışdığım dövrdə orda çoxlu professionallar var idi. Mən onlarla birlikdə olurdum və bu mənə çox şey öyrədirdi. Demək olar ki, səhnəyə gəldiyim ilk vaxtlardan əsl peşəkarlar kimi fəaliyət göstərdim. Bu məhz həmin insanların sayəsində oldu. Oqtay Ağayev ilə çalışdım, Flora Kərimova ilə duetlər ifa etdik. Rəşid Behbudov, Mirzə Babayev, İlhamə Quliyeva, Brilliant Dadaşova, Xuraman və Fidan Qasımova bacıları və başqa bir çox sənətçiləri fortopianoda müşaiyət etdim”.
Türkan BƏŞİR
Elmin NURİ