Sumqayıt şəhərində son illərdə çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb.
Lakin şəhərin əksər hissələrindəki çoxmərtəbəli binalardakı liftlər sovet dövründən quraşdırılıb və onların əksəriyyəti ya tez-tez xarab olur, ya da tamamilə yararsızdır.
Bir neçə gün öncə prezident İlham Əliyev Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılması barədə sərəncam imzalayıb.Modern.az Sumqayıtda əvvəlcə hansı çoxmərtəbəli binalarda liftlərin dəyişdiriləcəyini öyrənməyə çalışıb. Sumqayıt şəhər “Lift-servis” birliyinin rəisi Cümşüd İsmiyev bildirib ki, onlar sərəncamdan xəbərdar olsa da, hələlik işin kim tərəfindən aparılacağı bəlli deyil: “Bununla bağlı iş gedir.
Liftləri hansı qurumun dəyişdirəcəyi haqda məlumat yoxdur. Bir həftəyə - 10 günə, bəlkə də tez müddətə bu dəqiqləşəcək və onsan sonra bilinəcək ki, bunu kim icra edəcək. Əgər bizə tapşırılarsa bu haqda ətraflı məlumat verəcəyik”.
Aytən ZƏHRA