Noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputat seçilmək üçün namizədliyini irəli sürənlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevdir. O, namizədliyini 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən irəli sürüb.
Modern.az Milli qəhrəmanlardan Vahid Quliyevin bu təşəbbüsünü necə qiymətləndirdiklərini öyrənib:
Milli Qəhrəman Sahil Məmmədov bildirib ki, o, Vahid Quliyevin bu addımını müsbət qarşılayır: “İstəyərdik ki, Milli qəhrəmanlardan kimsə parlamentdə bizi təmsil etsin.
Bu baxımdan da Vahid müəllimin bu addımı təqdirəlayiqdir. Düşünürəm ki, Vahid müəllim deputat seçilərsə, müharibə veteranları, şəhid ailələri, eyni zamanda milli qəhrəmanların hüquqlarının müdafiəsində yaxından iştirak edəcək”.
Milli Qəhrəman Fariz Qəhrəmanlının fikrincə, hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirak etmək hüququ var: “Milli Qəhrəman Vahid Quliyev də Azərbaycan vətəndaşı olaraq seçkilərdə iştirak etmək hüququna malikdir.
Onun namizədliyini irəli sürməsi sevindirici haldır. Biz onun bu addımını dəstəkləyir və uğur arzu edirik. İnanıram ki, Vahid müəllim deputat seçildiyi halda xalqın rifahı uğrunda bütün səlahiyyətlərindən istifadə edəcək”.
Milli Qəhrəman Məhəmməd Həsənov qeyd edib ki, milli qəhrəmanlardan kiminsə deputat seçilməsi müsbət hal olardı: “Bizlərdən kimə deputat seçilərsə, xalqın, eyni zamanda müharibə veteranları və şəhid ailələrinin hüquqlarını qorumağa çalışacaq. Onu da qeyd edim ki, mən Vahid müəllimin bu addımını düzgün hesab edir, onun deputat seçilməsini tərəfdarıyam”.
Vüsalə Qəzənfərqızı