71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova seçicilərlə 15 oktyabr 2015-ci il tarixdə 15:00-da Masallı rayonunun Gəyəçöl kəndində görüş keçirib. Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev onun tərcümeyi halından söz açaraq öz seçicilərini 10 il ləyaqətlə təmsil edən millət vəkilinin yenidən əhali ilə görüşə gəldiyini qeyd etdi. Qısaca onun fəaliyyətindən bəhs edərək sözü pofessor, tarixçi alim, əməkdar müəllim Musa Quluzadəyə verdi. O da ürək sözlərini seçicilərlə bölüşdü: “Elmira Axundova böyük və şərəfli həyat yolu keçib. Onun yazıları Rusiyanın və dünyanın ən nüfuzlu mətbuu orqanlarında dərc edilib. Bir çox kitabı Rusiya Federasiyasında işıq üzü görüb. Elmira Axundova həm də yüksək vətənpərvəliyi ilə fərqlənir. 90-cı illərdə Azərbaycan informasiya blokadasına alınanda Elmira xanım vətənimizin haqq səsinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Elmira xanımın ədəbi yaradıcılığı da zəngindir. Onun yazmış olduğu “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatı böyük salnamə, epopeyadır. Bu əsər ona dünya yazıçıları arasında böyük şöhrət, ad-san qazandırıb.
Dövlət mükafatlı, “Şöhrət” ordenli Elmira Axundova millət vəkili kimi də 10 illik fəaliyyəti boyu yorulmadan xalq üçün çalışıb. Heç bir seçicinin müraciəti cavabsız qalmayıb. Bu, bir daha Elmira Axundovanın öz seçicilərinə bəslədiyi ülvi məhəbbətin göstəricisidir”.Daha sonra görüşdə iştirak edən kənd sakinləri Abdullayev Məhərrəm, İsrafilova Lalə, İsayev Rahim, Şükürov Raqif, Niftiyev Oğlanxan və digərləri çıxış edərək Elmira Axundovanın deputatlıq fəaliyyətindən razılıqlarını dilə gətirdilər. Bildirdilər ki, o, hər zaman seçicilərlə görüşə gəlib, qəbul günləri təşkil edib, onların problemləri ilə maraqlanıb, bir çox imkansız ailələrə təmənnasız yardım göstərib.
Sonda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri üçün sakinlərə təşəkkür etdi. Özünün fəaliyyəti barədə sakinlərə ətraflı məlumat verdi. Çıxışının sonunda sakinlərdən bunları xahiş etdi: “Xalq olaraq ayıq olmaq lazımdı. Hal-hazırda dövlətimizə qarşı, ölkə rəhbərinə qarşı bizə düşmən olan xarici qüvvələr fəallaşıblar. Təəssüf ki, bu qarayaxma kampaniyasına bir sıra daxili xainlər də qoşulub. Buna görə biz Prezidentimizin ətrafında sıx birləşməliyik. Bu qüvvələrə imkan verməməliyik ki, bizim birliyimizi, əmin-amanlığımızı pozsunlar, çaxnaşma yaratsınlar, bizi də Ukrayna və Yaxın Şərq ölkələrinin gününə salsınlar. Bu mənfur qüvvələrə fürsət verməmək üçün hamımız seçkilərdə fəal olaq, kimə səs verəcəyimizdən asılı olmayaraq vətəndaş mövqeyi göstərib seçki məntəqələrinə yollanaq”.
Görüşdən sonra isə Elmira Axundova özünün seçki qərargahında vətəndaşları qəbul edərək problemləri ilə yaxından maraqlanmışdır.
Modern.az