Modern.az

Dövlət Əmək Müfəttişliyinin 3 müfəttişinə töhmət verildi

Dövlət Əmək Müfəttişliyinin 3 müfəttişinə töhmət verildi

Təhsil

16 Oktyabr 2015, 15:33


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) cari ilin 9 ayında görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib.

Modern.az xəbər verir ki, iclasda Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, hesabat dövründə ayrı-ayrı müəssisələrdə dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13 202-yə enib. Bu hüquq pozuntularına daha çox topdan və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal, tikinti və s. sahələrdə yol verildiyi müəyyən olunub.

Qeyd olunan hüquq pozuntuları ilə bağlı görülən tədbirlərə də toxunan Xidmət rəisi bildirib ki, həyata keçirilən dövlət nəzarətinin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması sahəsində yol verilən hüquq pozuntularının aradan qaldırılmasını təmin etməkdir: “Bu baxımdan hesabat dövründə iş yerlərində aşkar edilmiş hüquq pozuntularının, işçilərin əmək hüquqlarının pozulması hallarının böyük əksəriyyətinin aradan qaldırılmasına nail olunub. Aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək, onların icrası nəzarətə götürülüb. Həmçinin bir çox hallarda belə hüquq pozuntularının işəgötürənlərin müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən baş verdiyi nəzərə alınaraq, onlara hüquqi izahatlar verilib”.

F.Əlizadə bildirib ki, son illərdə əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsinə nəzarət artırılıb: “Cari ilin yanvar-sentyabr aylarında həm dövlət nəzarəti, həm də vətəndaşların aidiyyəti üzrə müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox, yəni 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu məbləğin 93,6 faizini (1407267 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib”.

Həmçinin işdən qeyri-qanuni azad olunan 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunduğunu qeyd edən F.Əlizadə iş yerlərində əməyin mühafizəsi norma və standartlarının yerinə yetirilməsinə nəzarətin  gücləndirildiyini də vurğulayıb.

F.Əlizadə ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayının 92 faiz azalaraq  2-yə enməsinə, habelə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində  xəsarət alanların sayının 35 faiz azalmasına səbəb olduğunu da vurğulayıb.

İclasda hesabat dövründə görülən işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Müsbət göstəricilərlə yanaşı, dövlət nəzarəti tədbirlərinin təşkili və həyata keçirilməsində yol verilmiş nöqsanlardan da bəhs olunub. Tədbirdə vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə və həmin Müfəttişliyin iki baş əmək müfəttişlərinə töhmətin verilməsi barədə qərarlar qəbul edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?