Azərbaycanda bank sektoru ilə bağlı problemlər səngimək əvəzinə daha da çoxalmaqdadır. Mərkəzi Bankın atdığı addımlar isə böyük problemin həllinə ciddi təsir göstərmir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına Azərbaycanda bank sektorunun ciddi problemləri olduğunu vurğulayaraq səbəbləri açıqlayıb:
“Banklardakı problemlər əvvəldən də var idi. Sadəcə, bir müddət ölkəyə daxil olan neft vəsaitlərinin azalması və bundan yararlanmaq imkanlarının olmaması bankların da işinə yarayırdı. Onlar özlərini əziyyətə salmadan, ciddi rəqabət mühiti formalaşdırmadan fəaliyyət göstərirdilər.
Neft gəlirlərinin azalması istər-istəməz əhalinin gəlirlərinin də kəskin azalmasına səbəb oldu. Bu həm şirkətlər, həm iş adamları, həm də əhali üçün ciddi problemlər yaradır.
Vəziyyət təsirini banklara birbaşa göstərir. Fevral ayında baş verən devalvasiya bank sektoruna ciddi zərbə vuraraq onların itkilərə məruz qalmasına səbəb oldu. Sektorla bağlı problemlər göz önündədir. Bunlar həm bankların özlərindən asılı olan səbəblərdən - işlərini effektiv qura bilməmələrindən, həm də ölkə iqtisadiyyatından asılı olaraq qaynaqlanır”.
Mərkəzi Bank seçim qarşısındadır
Azər Mehtiyevin fikrincə, Azərbaycanda bankların əksəriyyəti neft gəlirlərinin azalması dövrünə hesablanan siyasət həyata keçirə bilmir:
“Bu da özünü indi göstərməkdədir. Mərkəzi Bank da tənzimləmədə çox ciddi iki problem arasında qalıb. Bir tərəfdən Mərkəzi Bank çalışır ki, bankların iqtisadiyyata təsirini artırsın, faiz dərəcələrini aşağı salsın, kredit fəallığını artırsın.
Digər tərəfdən, banklara nəzarəti gücləndirmək istəyir ki, pulun yaranma imkanları çox da genişlənməsin, inflyasiyanın qarşısı alınsın. Bu da ziddiyyətli məqamdır.
Baş bank seçim etmək məcburiyyətində qalacaq... “Bundan sonra bankların taleyini nə gözləyir” sualının cavabını vermək çox çətindir. Hesab edirəm ki, banklar öz xərclərini optimallaşdırmağa çalışacaq. Bank filiallarının və şöbələrinin bağlanması sürətlənəcək, bəzilərinin birləşməsi prosesi qaçılmaz olacaq”.
Əmanətçilərin riskləri durmadan artır
Ekspert banklara qoyulan əmanətlərin risk dərəcələrinin artdığını vurğulayıb:
“Son vaxtlar faiz dərəcələrinə görə əhali artıq əmanətlərini banka qoyarkən daha çox sığortalanmamış əmanətlərə üstünlük verir. Bu da təbii ki, həyəcan siqnalının çalınmasına əsas verir.
Çünki risk səviyyəsi həddindən artıq yüksəlir. Qarşıdakı dövrdə neftin qiymətinin aşağı həddə qalması gözlənilir. Durumun pisləşməsinin qarşısı hələ ki alınmayıb. Bu da bank sektoru üçün çox ciddi problemlərin olacağına əsas verir.
Bildiyiniz kimi, əhali daha çox rentayönümlü gəlirlərə alışıb. Əvvəllər əmanət qoymaqla yüksək faiz götürürdülər. Onlar ümidini faizlərdən gələn gəlirlərə yönəltmişdi. İndi sığortalanan əmanətlərin faiz dərəcələri aşağı salındığından onlar daha yüksək faiz götürmək üçün sığortalanmadan imtina edirlər.
Bankların müflisləşməsi zamanı bu əmanətlərin batması gözlənilir və narahatlıq yaradan məqamlardan sayılır.
Hər halda, bankların bir çoxunun bağlanacağı istisna deyil. Amma bu qədər bankın olması optimal variantdır deyə bilmərik. Önəmlisi rəqabətli mühitin, kifayət qədər vəsaitin olmasıdır. Azərbaycanda bankların sayı 40-dan çox olsa da, heç kəsə sirr deyil ki, onların sahibkarlığı bir əldə cəmləşib.
Bu da rəqabətli mühitin yaranmasına imkan vermir. Ən əsası, kredit bazarında üstün mövqeyə malik bankların 4-5-i bir qrupun əlindədir.
Bankların iri holdinqlərə, iri oliqarxlara məxsus olması çox ciddi məsələdir və bunu danmaq da mümkün deyil. Bu, onların müstəqil olmamasına göstərişdir. Bu zaman belə bir sual ortaya çıxır:
“Bank sektorunda konsentrasiyanın getməsi ən azı bankların inhisarlaşmasına aparıb çıxaracaq, yoxsa müstəqilləşməsinə?.” Sualın mahiyyəti və gələcəkdə problemin həlli cavabdan çox asılıdır”.
Gülşən RAUFQIZI