Modern.az

Namizədlərin seçki kampaniyaları niyə uğursuz alınır – EKSPERT RƏYİ

Namizədlərin seçki kampaniyaları niyə uğursuz alınır – EKSPERT RƏYİ

16 Oktyabr 2015, 16:32

 

Noyabrın 1-də baş tutacaq növbəti parlament seçkilərində iştirak edəcək namizədlərin təbliğat və təşviqat kampaniyasına bir neçə gündür start verilib. Artıq mediada, sosial şəbəkələrdə və reklam lövhələrində müxtəlif dairələri təmsil edən namizədlərin təbliğat xarakterli şüar, plakat və bu kimi  müxtəlif materiallara rast gəlmək olar.

Lakin seçki kampaniyasının əsas tərkib hissəsi olan və özündə çox vacib piar elementini əks etdirən təbliğat plakatlarındakı adilik gözdən yayınmır.

Şüardan və namizədin vizual formasından, eləcə də onun müəyyən ideyalarını daşıyan arxa fonun adiliyi və bir-birinə bənzərliyi açıq-aşkar görünür. Hətta bəzi namizədlərin istifadə etdiyi seçki şüarları sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Əslində, namizədin  plakatda yazılan şüarı və vizual görkəmli seçki texnologiyasının vacib elementlərindən biridir.

Məsələn, əgər seçki plakatındakı namizədin baxışı eyni nöqtəyə zillənirsə, bu istər-istəməz seçicidə, yaxud hər hansı şəxsdə neqativ təəssürat yaradır. Çünki plakatın geniş sahəsində boşluğu saxlayaraq onu şüara sərf edən zaman, namizədin fotosu küncə sıxışdırılır.

Bu zaman avtomatik olaraq küncə sıxışdırılan namizədin gözləri də bir küncə dirənəcək. Deməli, hər yerdə namizədi təmsil edən seçki plakatı artıq öz əhəmiyyətini xeyli azaldır. Bu cür siyasi marketinqin tələb etdiyi seçki texnologiyası ilə sırf peşəkarların məşğul olması çox vacibdir.

Namizədin plakatdakı hər bir kiçik mimikası onun seçici yanında təmsilçisidir. Bu artıq şüuraltına işləyəcək bir məsələdir. Odur ki, seçki texnoloqları jest və mimikalara hər zaman diqqət göstərməlidir. Modern.az-a bununla bağlı çıqlama verən NLP mütəxəssisi, psixoloq Babək Bayramov jest və mimikanın dili ilə çox güclü piar texnologiyasının qurula biləcəyini, lakin bizdə hələ ki bu cür standartların tətbiq olunmadığını qeyd edir: 

“Seçki kampaniyası siyasi marketinqdir. Bir məhsulu və ya xidməti satmaq üçün marketinqə ehtiyac olduğu kimi bir namizədin də seçicilərin səsini alması üçün marketinq işi aparılmalıdır. Seçki kampaniyasının əsasında dayanan marketinq alətləri reklam və pr (ictimaiyyətlə əlaqələr) fəaliyyətidir. Reklam zamanı insanların duyğularına, dəyərlərinə və inanclarına xitab etmək, ümidverici şüarlardan yararlanmaq və inandırıcı olmaq vacibdir.

Seçki kampaniyaları xüsusilə qərarsız seçicilər üzərində böyük təsir gücünə malikdir. Ona görə də bu kütlənin diqqətinin cəlb edəcək, ümidlərinə xitab edəcək plakat və şüarların hazırlanması yüksək peşəkarlıq tələb edir. Televiziya, internet media, xüsusilə də sosial media kimi reklam kanallarından effektiv istifadə edilərsə, seçicilərin qərarlarını müsbət mənada dəyişdirmək mümkündür. Diqqəti bir anlıq Türkiyədə keçirilən seçki kampaniyalarına çəkmək istəyirəm. 

“Onlar konuşur, AK parti yapar” şüarını xatırlayırsınızmı? Digər partiyaların şüarlarını yan-yana qoyduqda, seçicinin “Mən niyə sizə səs verməliyəm” sualına cavabı, sadəcə bu şüar verirdi. “Bizimle yürü Türkiyə”, “Yaşanacaq bir Türkiye”,  “Bizler meclise” kimi digər partiyaların şüarlarını müqayisə edə bilərsiniz.

Seçici üçün vacib olan namizədin nə etdiyi, edəcəyi, layihələri və seçiciyə verilən faydalardır.

Namizədin haqqında nə qədər danışıldığı və nə qədər fanatının olması müvəffəqiyyəti ilə düz mütənasibdir. Seçicilərin qəlbinə xitab etmək məqsəd olmalıdır.

Ölkəmizdə seçki kampaniyalarının yüksək peşəkarlıqla aparıldığını deyə bilməyəcəyəm. Plakatlardakı ciddi baxışlar və süni təbəssümlər çoxluq təşkil etməkdədir. Əksər hallarda çağırış şüarları ilə rəsmlər bir-birlərini tamamlamırlar.

Çağırış şüarları seçicilərin “Niyə məhz sizə səs verməliyəm” sualına cavab vermir. Aparılan kampaniyalara kritik prizmadan baxdıqda, bu kampaniyalar bir-birlərinə çox bənzərdir və heç bir yaradıcı yanaşmanı əks etdirmir. Əslində kampaniyalar aradakı fərqləri ortaya çıxarmalıdır.

Kampaniyalar, sadəcə seçicilərin seçimlərini dəqiqləşdirmir, eyni zamanda onları bu kampaniyaya kömək etməyə sövq edər. Strategiya, taktika və əməliyyat xüsusiyyətləri seçkinin taleyini həll edən əsas amillərdir. Ona görə də bu amillərin hər biri incəliklə nəzərdən keçirilməlidir. Kampaniyalar namizədləri tanıdaraq, onları qəbul ediləcək hala gətirməlidirlər”.  

Elmin NURİ  

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu