Modern.az

Nazir polis rəislərinə tapşırıqlar verdi

Nazir polis rəislərinə tapşırıqlar verdi

Təhsil

16 Oktyabr 2015, 17:57

Oktyabrın 16-da Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. 

Modern.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq  müzakirəyə çıxarılan məsələlərin  xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətində ən prioritet istiqamətlərdən olan bu əhəmiyyətli məsələnin sonuncu dəfə 2013-cü ildə müzakirə olunduğunu xatırladan nazir qarşıda duran yeni vəzifələrin müəyyən edildiyini, həmin Kollegiyadan ötən iki il ərzində bu sahədə xeyli irəliləyişin baş verdiyini, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, o cümlədən müraciətlərin obyektiv və vaxtında araşdırılmasına, təşəbbüskarlara yazılı cavabların verilməsinə, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların çıxarılmasına, qəbulların müntəzəmliyinə nəzarət və tələbkarlığın artırıldığını bildirib.

Bununla yanaşı, qeyd olunub ki, kriminogen duruma mənfi təsir göstərən amillərdən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi də müvafiq sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət, vəziyyətin daim nəzarətdə saxlanılmasını və adekvat tədbirlərin vaxtında müəyyən edilib icraya yönəldilməsini tələb edir.

Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırladıb.

Günd
əlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov məruzə ilə çıxış edib. Qeyd edilib ki, nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.

Carı ilin 9 ayında bilavasitə Nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edib. O bildirib ki, 2015-ci ilin 9 ayında daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət,  o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə, o cümlədən 116,7 kq tiryək, 34,3 kq heroin, 15 kq həşiş, 547,2 kq marixuana, 18,4 kq sair vasitələr çıxarılıb. Eyni zamanda, 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Nazirliyin müvafiq kollegiya qərarına uyğun olaraq, son bir ilə yaxın müddətdə 75 şəhər, rayon polis orqanı tərəfindən   orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi ilə bağlı 576 görüş təşkil olunub.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışmış, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər. 

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını  tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalı, görülən işlər mütəmadi öyrənilməli, təkrar şikayətləri doğuran səbəblərin müəyyən edilməsi, belə halların  qarşısının alınması üçün bu növ müraciətlər vaxtaşırı nəzarət qaydasında yoxlanılmalı, vətəndaşların müraciətləri üzrə aparılmış araşdırmaların nəticələri barədə təşəbbüskarlara bütün hallarda rəsmi cavab verilməlidir.
        
Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyilənıəri nəzəra alaraq, sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya hallarının yolverilməzliyini, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirlərinin görüləcəyini bir daha qeyd edib.

Daxili işlər naziri ölkə Prezidenti İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?