Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Milli məclisə namizədliyi irəli sürülmüş Rauf Əliyev Pirallahı qəsəbəsində seçicilərlə görüş keçirdi.
Modern.az xəbər verir ki, görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov və YAP mərkəzi seçki qərargahının Pirallahı rayon şöbəsinin sədr müavini Əli Kərimov partiya tərəfindən Milli məclisə namizədliyi irəli sürülmüş Rauf Əliyevin ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, Rauf Əliyev Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilmiş, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.Rauf Əliyev toplantıda çıxış edərək seçicilərlə hər bir görüşünün onda müsbət təəssürat yaratdığını qeyd etmiş, ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə bu istiqamətdə fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini bildirmişdir. R.Əliyev qeyd etdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur.
Qeyd edildi ki, Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisini davam etdirilir və ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır, bu da əhalinin gediş-gəlişinə müsbət təsir edəcək. R.Əliyev qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən Pirallahı qəsəbəsində “Yüksək Texnologiyalar Parkı” inşa olunur, bu da rayonda işsizlik problemini qismən aradan qaldıracaq. Görüşdə çıxış edən Pirallahı rayon Ağsaqqallar Şuranın sədri Məhəmmədov Fazil, “Abşeronneft” NQÇİ-nin şöbə müdiri Şamil Kazımov və digər seçicilər növbəti seçkilərdə də Rauf Əliyevin timsalında YAP-ın namizədini birmənalı surətdə dəstəkləyəcəklərini bəyan etdilər.Tədbirin sonunda Rauf Əliyev qəsəbənin ağsaqqalları və ziyalıları ilə müxtəlif məsələləri əhatə edən diskussiya apardı.
Modern.az