Modern.az

Rustovluların ömürlük deputatı - Vahid Əhmədov

Rustovluların ömürlük deputatı - Vahid Əhmədov

16 Oktyabr 2015, 18:18

Deputatlığa namizəd millət vəkilinin uğurlu seçkiqabağı kampaniyasından təəssüratlar...


Obrazlı ifadə edilsə, seçkiqabağı təbliğat - təşviqat kampaniyasının "razqar" vaxtında Moderator.az-ın əməkdaşı 52 saylı Quba Seçki Dairəsindən namizədliyini irəli sürmüş həmin dairənin deputatı, iqtisadçı ekspert Vahid Əhmədovun seçicilərlə görüşündən qayıdıb. 

Onun təəssüratlarına görə, Vahid Əhmədov Qubada əslində qeyri-adi olmasa da diqqətçəkən seçki kampaniyası apararaq az qala bütün kənd - qəsəbələri qapı - qapı gəzərək seçicilərin arzu - istəklərini, qayğı və ehtiyaclarını dinləyir, onlara pafoslu vədlər verməyərək hər birini dinləyib suallarını cavablandırmağa çalışır. 

Oktyabrın 15 - də belə bir görüş rayonun ən böyük kəndlərindən biri olan əhalisinin sayı 10 min nəfərdən artıq Rustov kəndində baş tutub. Əməkdaşımızın bildirdiyinə görə rayon mərkəzindən 25 kilometr aralıda olan Rustov Ərazi Vahidliyinin Rustov kəndində saat 10 - da başlayan tədbirdə izdiham yaşanıb, havanın yağışlı olmasına görə kənd klubunda keçirilən tədbirə gələnlərin yarısı 260 yerlik klubun dolması səbəbindən qapıda ayaq üstə qalıb. Tədbirdə çıxış edən ziyalılar, din xadimləri Vahid Əhmədovu təkcə qubalıların deyil, Azərbaycanın hər bir vətəndaşının vəkili olduğundan, hər zaman Quba camaatının yanında olmasından ağız dolusu danışıblar. Yaşı 80 - i haqlamış kənd ağsaqqalının tribunaya çıxaraq Vahid Əhmədova xitabən "Siz nahaq zəhmət çəkib bura gəlmisiniz, onsuz da biz sizi ömürlük deputat seçmişik" deməsi zalda gurultulu alqışalara səbəb olub. Həmçinin bəlli olub ki, yaşı bir əsrə çatan həmin klub düz 65 il əvvəl xalq şairi Səməd Vurğunu da bu cür qarşılayaraq SSRİ Ali Soveti deputatlığına təqdim edib və Səməd Vurğun məhz həmin klubda qubalı seçicilərlə görüşdə tarixi çıxış edib.

Tədbirdə Vahid Əhmədovun Qonaqkənd kənd orta məktəbindəki sinif yoldaşları çıxış edərək millət vəkili haqqında xoş xatirələrini danışıblar və onun Qonaqkəndin qızıl medal almış birinci və sonuncu şagirdi kimi tarixə düşməsindən bəhs ediblər. 

Vahid Əhmədov da çıxış edərək Quba camaatı haqqında xoş sözlərini bildirərək hər zaman onlarla qürur duyduğunu, özünü bu camaatın yolunda hər cür fədakarlığa hazır olmaqda mənəvi borclu hesab etdiyini dilə gətirib. Çıxışı zamanı seçicilərə səslənərək layiq bildikləri namizədə səs vermələrini deyən deputat ölkədə və dünyada baş verən siyasi-iqtisadi-humanitar kataklizmlərlə bağlı fikirlərini bölüşüb, prezident İlham Əliyevin uğurlu siyasətinin məmləkətimizi hər cür bəlalardan hifz edəcək gücdə olmasından bəhs edib. 

Qeyd edək ki, 52 saylı dairədən 13 deputatlığa namizəd qeydə alınsa da Rustovun mərkəzindəki lövhədə yalnız Vahid Əhmədovla YAP-ın namizədinin şəkli yapışdırılıb...

Rustovdan sonra növbəti dayanacaq rayonun Şuduq kəndində olub. Maraqlıdır ki, Rustovdakı izdihamdan fərqli olaraq Şuduq klubuna toplaşmış kənd sakinləri Vahid Əhmədovu alqış sədaları altında qarşılasalar da üzlərindəki ifadədən xeyli qayğılı və deməyə çoxlu sözləri olduğu görünürdü. Bu da səbəbsiz deyilmiş. Söz alan kənd ağsaqqalı bildirdi ki, kəndin yol problemi hələ də həllini tapmayıb, üstəlik transformatorun və işıq dirəklərinin, məftillərin istismar müddətini çoxdan başa vurması üzündən elektrik işığına həsrət qalıblar. Bunu eşidən millət vəkili bələdiyyə sədrini məzəmmət edərək ayda iki dəfə Qubada görüş keçirdiyini, hər bir rayon camaatının qayğılarıyla ciddi məşğul olduğunu, amma Şuduqdakı problemlər barədə heç vaxt ona müraciət edilmədiyini bildirdi, elə ordanca “Azərişıq” ASC sədri Baba Rzayevlə danışaraq camaatın probleminin ən qısa zamanda həll edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etdi, yolun çəkilməsi barədə ağsaqqalın iradının haqlı olduğunu, prezident İlham Əliyevin göstərişi ilə həmin yolun təmirinə kifayət qədər vəsait ayrılsa da işin başa çatdırılmamasından narahatlığını ifadə edərək növbəti ildə bu məsələnin həllini tapacağına ümid etdiyini bildirdi. 

Vahid Əhmədovun seçki qərargahından əməkdaşımıza verilən məlumata görə seçicilərlə növbəti görüşün oktyabrın 17-də Qubanın mərkəzində, Nizami parkında keçiriləcəyi gözlənilir.














Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama