“Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi çox vacib, əhəmiyyətli, günün tələbləri səviyyəsində olan məsələdir”.
Modern.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. O, qeyd edib ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi ilə məşğul olan şəxslər təməl işlərinə başlanılmış binaların sahələrinə görə sadələşdirilmiş vergi və təqdim etdikləri tikinti sahələrinə görə əlavə dəyər vergisi ödəyirlər.
“Qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən, həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda, təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq, vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.
Nazir eyni zamanda bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub.
Aytən ZƏHRA