Modern.az

“Təhsildə tətbiq edilən bu sistemin müsbət və mənfi tərəfləri var”

“Təhsildə tətbiq edilən bu sistemin müsbət və mənfi tərəfləri var”

17 Oktyabr 2015, 15:59


Təhsil Nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən başlayaraq 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib.

Təmayülləşmə prosesinin ölkəmizdə ilk dəfə olaraq bu qədər vüsət alması cəmiyyətdə çaşqınlıq və suallar yaradır.  

Modern.az təhsil sistemində təmayülləşmənin 50 məktəbə tətbiq olunması ilə əlaqədar təhsil eksperti Şahlar Əsgərovun fikirlərini öyrənib.  

Təhsil eksperti təmayüllü məktəblərin hələ sovet dövründən olduğunu deyib: “O dövrdə təmayüllər aşağı siniflərdən təşkil olunurdu. Belə məktəblərdə fənlər ümumiləşdirilib keçirilir, yalnız bir ixtisas üçün tədris olunmurdu. Təmayüllü məktəblərdə ümumi fənlərə daha az, təmayülə daha çox yer ayrılırdı”.   

Şahlar Əsgərov bu sistemin şagirdlər üçün faydasının olduğu qədər, ziyanının da olduğunu vurğulayıb: “Bu sistemin tətbiqi şagirdlərin daha çox yüklənməsinin qarşısını alacaq, onları seçdikləri ixtisasa doğru yönəldəcək. Amma nəzərə alsaq ki, təmayülləşmə şagirdlərin seçdikləri profil üzrə ixtisaslaşmalarına səbəb olacaq, o zaman deyə bilərik ki, digər fənlər onlar üçün ikinci plana düşəcək”.

Təhsil ekspertinin sözlərinə görə, müəyyən vaxtdan sonra təmayülləşmə təhsilin inkişafının əsas göstəricisi olacaq: “Artıq ali məktəbə hazırlaşan şagird gələcəkdə hansı ixtisasda təhsil almaq istədiyini dəqiq müəyyənləşdirəcək.

Təmayüllü məktəbi bitirmiş şagird o ixtisas üzrə də qəbul imtahanında daha böyük müvəffəqiyyət əldə edəcək. Bu da gələcəkdə iş yerləri üzrə daha yaxşı ixtisaslaşmış kadrların olacağının ən bariz nümunəsidir”.   

Vüsalə Qəzənfərqızı


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?