Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı yeni xəbər yayılıb.
Virtualaz.org və haqqin.az saytlarının yaydığı xəbərdə bildirilir ki, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imişlər.
Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmişlər.
Keçmiş nazirin özünün də qulluq səlahiyyətlərini aşdığı üçün saxlanıldığı qeyd olunur.
Strateq.az-ın yaydığı məlumata görə isə nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi və daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.
Məlumatlara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.
Medianın yaydığı digər xəbərdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yerinə kimin təyin oluna biləcəyi də iddia olunur. Qeyd edilir ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm Әliyevdir.
“Qafqazinfo” son dərəcə ciddi sensasiyalı sayıla biləcək həbs xəbərlərini dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Bu qurumlardan redaksiyaya bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.
Hələlik bu xəbərlərə rəsmi reaksiya yoxdur...
Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb.
Modern.az