Modern.az

Azərbaycan məmurları daha nə istəyir?!

Azərbaycan məmurları daha nə istəyir?!

18 Oktyabr 2015, 21:04
Namidə BİNGÖL

İndi  siyasi arenada deputatlığa namizədlərin seçki şüarları “dalğalanır”. Hamının istəyi vətənə, dövlətə millətə fayda verməkdən ibarətdir. Yəni, bunun üçün çalışdıqlarını deyirlər. Təbii,  istəklərin reallaşmasını zaman göstərəcək.

Həftənin siyasi hesabatını təqdim edirəm.  

Gültəkin Hacıbəyli niyə əsəbləşib?  

Neçə müddətdir ki, nə səsi gəlirdi, nə də onun haqqında ajiotaj yaradacaq hansısa informasiya gözə dəyirdi.  

Görünür, Milli Şura və AXCP-nin parlament seçkilərində iştirak etməkdən  imtina etməsi,  onun da bir kənara çəkilməsinə və prosesləri susqun şəkildə izləməsinə gətirib çıxarmışdı.

Amma Müsavat Partiyasına qarşı  susqunluğun pozulması qəfil manevr etmək məsələsində onun siyasi təcrübəyə malik olduğunu göstərdi.

Söhbət Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylidən gedir.

Seçkidə iştirak edəcək qurumları, şəxsləri “Azadlıq” qəzetində açıq şəkildə tənqid edib. Aydındır ki, seçkilərdə müxalifət partiyalarından da iştirak edənlər var. Bu səbəbdən də xanım Hacıbəylinin hədəfinə tuş gələnlər arasında olan Müsavat Partiyasının mövqeyi iqtidara xidmət kimi dəyərləndirilib.

Heç hənanın yeridi?!. Seçkilərə az bir vaxt qalıb. Müxalifətin parlament seçkilərində mandat qazanacağına sevinəcəyiniz halda, bu iştirakı fərqli tərəflərə yozursunuz. Nə isə…  

Bəlkə də Milli Şura sədri Cəmil Həsənlinin "seçki siyahısı"ndakı adlar xanım Hacıbəylini özündən çıxarıb.  

Eldar Mahmudov artıq nazir deyil!..  

Yola saldığımız həftə həm də prezident İlham Əliyevin çıxışı ilə yadda qaldı. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda çıxış edən ölkə başçısı İlham Əliyev bir çox məsələlərə toxundu. Xüsusilə, sahibkarların öz işlərini qura bilməməsi məsələsinə toxunaraq bəzi məmurlara sərt mesajlar da verdi.  

“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər.
Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.

Təbii ki, prezidentin bu çıxışını dinləyənlər  öz payını götürdü. Soyğunçuluğun başqa adı yoxdu. Mütləq deyil ki,  milləti soymaq üçün qoçu dəstələri təşkil olunsun. Bunu sivil qaydalara uyğun şəkildə də həyata keçirmək mümkündür. Bu da məmurun vəzifəsindən sui-istifadə etmək növüdür.

İctimai rifahın çiçəklənməsinə çalışan sahibkar iqtisadi potensialına söykənib bazara yeni modellər təqdim edə bilər. Çünki sahibkar həm də cəmiyyətə nüfuz edir. Bu yolla həm dövlət, həm xalq, həm də sahibkar qazana bilər.  

Təbii ki, soyulmasa, boğulmasa, incidilməsə...  

Təəssüflər olsun ki, bəzi hallarda  hansısa vəzifəyə təyinat alan məmur, dövlətçilik naminə xalqın qeydinə qalmalı olduğunu unudur. Vəzifə ona görə verilmir ki, şəxsi biznesini qurub milyonlarını xarici banklara yatırasan. Vəzifə ona görə verilmir ki, hər küçədə bir villa tikdirib  hasarlama əməliyyatı aparasan.  


Vəzifəyə təyinat almaq qanunları pozmaq üçün deyil, qanunlara riayət etmək üçündür.   Eyni zamanda, dövlət tərəfindən millətin problemlərinin həll edilməsinə ayrılan vəsaitləri də “dədə malı” kimi mənimsəmək heç bir kitabda yazılmır.  
Necə deyərlər, ailə büdcəsinin qənaətə ehtiyacı olduğu kimi, bu üsuldan dövlətin də yararlanmaq hüququ var.

Diqqət edək. Prezident İlham Əliyevin çıxışından növbəti sitat:

“Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik, indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi”.  

Ailə büdcəsinə qənaət etməməklə uzaqbaşı bir ailəni ac qoymaq mümkündürsə, dövlət büdcəsini talamaq  bütöv bir cəmiyyəti böyük iqtisadi böhranla üz-üzə qoymaq, xarici borclara yol açmaq deməkdir.

Bu məsələdə sizli-bizli yox, hamılıqla düşünmək lazımdır. Təkcə fərdlər yox, prezidentin dediyi kimi, ölkələr də yorğanına görə ayağını uzatmalıdır.

Bu arada bir haşiyə çıxmaq istəyirəm, qədim ərəb rəvayətində deyilir:

Var-dövləti, maddi imkanı yüksək olan bir kişi varmış. Hər dəfə nə iş görürmüşsə, yüksək mənfəət sahibi olurmuş. Amma gəlirini azaltmağın yollarını arayır və bunun üçün səbəb soruşduqda ona yemək süfrəsini dəvənin üstündə açmağı məsləhət görürlər.  Varlı ərəb bu planı reallaşdırsa da, mənfəətin üstünə mənfəət gəlməkdə davam edir. Sən demə, yemək yeyərkən bir çörək qırıntısının yerə düşməsinə əngəl olan varlı ərəb qənaət hesabına daha çox mənfəətə sahib olurmuş.  Deməli, yüksək mənfəət əldə etməyin yolu həm də qənaət etməkdən keçir.  

Yeri gəlmişkən, Eldar Mahmudov prezidentin sərəncamına əsasən milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi. Eyni zamanda mətbuat qeyri-rəsmi olaraq məlumat yaydı ki, Eldar Mahmudov saxlanılıb...


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu