Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə çox az bir vaxt qalıb. Mandat əldə etmək üçün seçkilərdə iştirak edəcək namizədlər arasında siyasi partiyaların xeyli sayda üzvü var. Lakin son günlərdə namizədlər kütləvi şəkildə seçkidə iştirak etməkdən imtina edirlər.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Modern.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib.
“İlk olaraq onu deyim ki, hər bir Azərbaycan vətəndaşının parlament seçkilərində iştirak etmək hüququ var. İlkin mərhələni keçən hər bir namizəd artıq sonrakı mərhələdə özünün təbliğat-təşviqat kampaniyasına başlayaraq seçiciləri ilə mütəmadi görüşlər keçirir, onların problemləri ilə yaxından tanış olur.
Sonrakı mərhələdə mandat əldə edib-etməyəcəyi isə artıq seçicilərin öhdəsinə qalır. Bəzən də bunun əksi olur, namizədlər təbliğat-təşviqat kampaniyasına başlamazdan öncə namizədliklərini geri götürürlər”.
Deputatın fikrincə, namizədlərin maliyyə imkanlarının yetərincə olmamağı onların seçkidən imtina etməsinə səbəb ola bilər:
“Düşünürəm ki, seçkidə iştirak etməyə qərar verən hər bir kəs öz siyasi iradəsinin göstəricisi olaraq parlament seçkilərinə qatılır.
Əgər kimsə seçkidə iştirak etməkdən imtina edirsə, artıq bu, onun öz qərarıdır. Təbii ki, heç nə səbəbsiz deyil. Əvvəl parlament seçkilərində iştirak etmək istəyən namizədlər bunun asan olduğunu düşünür, sonradan situasiya ilə yaxından tanış olduqda isə tam əksini görürlər. Bu zaman da tərəddüdlər başlanır.
Bəzən də maliyyə imkanının yetərincə olmamağı seçkidə iştirakdan imtinaya səbəb olur. İstər partiya tərəfindən, istərsə də öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər əlavə maddi xərc qoyub enerji sərf etməsinlər deyə seçkidən imtina ilə bağlı qərar qəbul edirlər”.
Vüsalə Qəzənfərqızı