Modern.az

Azərbaycanda 7 mindən çox Türkiyə vətəndaşı səs verəcək - AÇIQLAMA

Azərbaycanda 7 mindən çox Türkiyə vətəndaşı səs verəcək - AÇIQLAMA

19 Oktyabr 2015, 14:02

Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə az qalıb. Bununla bağlı artıq qonşu ölkədə təbliğat-təşviqat kampaniyası aparılır və partiyalar parlamentdə daha çox deputatla təmsil olunmaq üçün çalışırlar. Noyabrın 1-də artıq bütünlüklə Türkiyə vətəndaşları səsverməyə gedəcəklər.

Türkiyədən xaricdə yaşayan və seçmək hüququ olan vətəndaşları üçün isə səsvermə prosesi başlayıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları parlament seçkiləri ilə bağlı səslərini necə verəcəklər?  

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkəmizdə 7003 Türkiyə vətəndaşının parlament seçkilərində iştirak etməsi gözlənilir. Onlar oktyabrın 25-dən ayrı-ayrı bölgələrdə yaradılan seçki məntəqələrində səslərini verə biləcəklər. Məlumatda qeyd edilir ki, Türkiyənin Bakıdakı səfirliyində 6311, Gəncədəki  Baş Konsolluqda 338, Naxçıvan Muxtar Respublikadakı Baş Konsolluqda 354 seçicinin səs verməsi gözlənilir.

İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyası (AKP) 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyyətçi Hərəkat Partiyası (MHP) 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur.  

TBMM 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb.

Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatıb.  

Aytən ZƏHRA      


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?