Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Modern.az saytı Naxçıvan Muxtar Respublikasından deputatlığa namizədlərin öz seçki kampaniyalarını necə aparmaları ilə maraqlanıb.
4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov seçicilərlə keçirdiyi görüşlərdən razı qaldığını deyib.
“Oktyabr ayının 16-da Naxçıvan şəhərində seçicilərlə görüş keçirdim. Böyük bir zala 450-500 nəfər seçici toplaşmışdı. Naxçıvan Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərov, Elmlər Akademiyasının müxbir üzvü, Naxçıvanda Arxeoloji İnstitutun direktoru Fəxrəddin Səfərov çıxış edərək seçicilərə mənim haqqımda danışdılar. Sonra mən çıxış edərək ölkədə olan proseslərdən söz açdım, seçki platformamı açıqladım. Mənə 6-7 nəfər gənc bir neçə sualla cavab verdi.
Ümumiyyətlə, seçkilərlə bağlı işlərimiz davam edir. Seçicilərlə görüşlər yüksək səviyyədə keçir. Bildiyiniz kimi, uzun illər Naxçıvanda müxtəlif vəzifələrdə çalışmışam. Naxçıvanda hamı məni tanıyır və hörmətimi saxlayır. Bütün bunlara görə Yeni Axərbaycan Partiyasına , onun rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Yaradılmasında iştirak edən insanlardan biri kimi Naxçıvan 4 saylı şəhər Seçki Dairəsindən yenidən deputatlığa namizəd olmağıma razılıq verdilər. Buna görə öncə partiyama minnətdaram. Sabah dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin sonuncu iclası keçiriləcək. Büdcə təsdiq olunacaq. İclasda iştirak edib yenidən Naxçıvana qayıdıb işlərimizi davam etdirəcəyik”.
5 saylı Şahbuz-Babək Seçki Dairəsindən deputatlığa namizəd YAP İcra katibinin müavini Siyavuş Novruzov qısa olaraq seçicilərlə görüşlərin davam etdiyini deyib.
“Artıq neçə gündür ki, Naxçıvanda seçicilərlə mütəmadi olaraq görüşlər keçiririk. Seçicilərin fikirlərini dinləyirik. Bir gündə bir neçə yerə baş çəkirik”.
2 saylı Şərur Seçki Dairəsindən deputatlığa namizəd hazırkı deputat İsa Həbibbəyli Naxçıvan Muxtar Respubliksındakı inkişafdan danışıb.
“Bu dəqiqə seçicilərlə bir yerdəyəm. Bir az bundan əvvəl Xanlıqlar məktəbində oldum. Seçicilərlə görüş maraqlı çıxışlarla yadda qaldı. Həmçinin, Naxçıvan Muxtar Respublikasında böyük inkişaf var. Böyük quruculuq işləri gedir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin təşəbbüsü ilə ən ucqar kənd olan Şahbulaq kəndinə baş çəkdik. Kənd dəniz səviyyəsindən 1600 metr yüksəkdədir. Kəndə 3 istiqamətdə asfalt yol çəkilib. Bu yaxınlarda istifadəyə veriləcək. Burda elə böyük inkişaf var ki, xalq da bu inkişafdan razıdır.
Bunu keçirdiyimiz görüşlərdən də aydın hiss etmək mümükündür. Ümid edirik ki, seçkilər yüksək səviyyədə keçiriləcək və seçicilər aktiv iştirak edəcəklər”
Namidə BİNGÖL