Modern.az

Rayon maşınlarının Bakıya buraxılmaması Milli Məclisdə də narazılıq doğurdu

Rayon maşınlarının Bakıya buraxılmaması Milli Məclisdə də narazılıq doğurdu

20 Oktyabr 2015, 14:39

Milli Məlisin bu gün keçirilən plenar iclasında "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilməsi haqqında sənəd müzakirə edilib.

Müzakirələr zamanı çıxış edən deputat Musa Quliyev bildirib ki, qanuna əlavə edilən bu dəyişiklər ictimai nəqliyyatda həm xidmətin keyfiyyətini yüksəldəcək, həm də xidmətin təhlükəsizlik həyata keçirilməsinə imkan yaradacaq. Deputat taksi sürücülərinə vahid geyim formasının tətbiq edilməsini təklif edib.

M.Quliyev bildirib ki, onların geyimi nəqliyyatın təhlükəsiz idarə olunmasına mənfi təsir edir.

“Biz ictimai nəqliyyatda siqaret çəkilməsinə qadağan qoyulması haqqında dəyişikliyi qəbul etdik, amma bu, taksi sürücülərinə aid deyil. Bu, xidmət mədəniyyətini yüksəltmir, əksinə bizim qonaqlar və ailə üçün hörmətsizlikdir, onların sağlamlığına zərər vuran məsələdir.
Qanun layihəsinə nəqliyyatın istismar müddəti ilə bağlı müddəalar əlavə etdik. Ola bilsin ki, nəqliyyat vasitəsi yaxşıdır, amma salon çirklidirsə, onu yaxşı vəziyyətdə saxlamır və bu,  sərnişinlər tərəfindən mənfi fikir formalaşdırır”.

Taksilərdə taksometrlərin olmamağı haqqında da danışan Musa Quliyev bildirib ki, taksometrlər yalnız bir neçə firmanın maşınında var: “Hesab edirəm ki, taksometlər bütün taksilərdə qoyulmalıdır. Nazirlər Kabinetinin rayon maşınlarının Bakıya girişinə məhdudiyyətlərin qoyulması haqqında qərarına tərəddüdlə yanaşıram. Bu, ola bilsin ki, kiminsə koorparativ maraqlarına xidmət edəcək. Amma rayon camaatını narahat edir. Burada ortaq məxrəc tapılmalıdır ya rayondan gələn taksilərə lisenziya verilməlidir ki, onlar rahat gələ bilsinlər.

Bu gün rayon taksiləri bunun yolunu tapıb və lisenziyanı yolda dayananlara ödəyir. Yaxşı olardı ki, o gəlir dövlət büdcəsinə gəlsin. Eyni zamanda burada rayonda yaşayan millət vəkiləri var və onların maşınları da rayon qeydiyyatındadır. Bu, onlara da narahatlıq yaradır”.

Deputat Qüdrət Həsənquliyev də Musa Quliyevin çıxışını dəstəkləyib.

“Taksometlər ölkənin mədəni inkişafının göstəricisidir. Onun olmaması ölkə haqqında mənfi imic formalaşdırır.
Avtomobil sürətini yoxlayan cihazlar var və onlar avtomobili 2 saatdan çox sürəndən sonra söndürür ki, 10-15 dəqiqə dincəlsin. Sürücülərin sükan arxasında yatmağı ağır faciələrə yol açır. Bu, qanunda qeyd olunsun ki, lisenziya verilərkən əsas şərtlərdən biri də o cihazlarla avtomobillər təhciz olunsun. Sivil ölkə kimi biz də bu normaları tətbiq etməliyik”.

Deputat Adil Əliyev bildirib ki, taksilərə taksometlərin quraşdırılması vacibdir. Taksiyə minərkən və düşərkən sürücü sərnişinə deyir ki, “nə verərsən verərsən”. Bu isə insanları narahat edir. Taksometlərin bütün taksilərə, özəl taksicilərə də verilməsi vacibdir”.

Deputat yeni salınan qəsəbələrdə avtobus marşrutlarının olmamasına da diqqət çəkib: “Yeni salınan qəsəbələrlə bağlı marşrutların açılmasına nəzarət edilsəydi, yaxşı olardı. Eyni zamanda rayonlara gedərkən məlumat lövhələri olmur. Məsələn, filan rayona filan km qalıb kimi işarələr yoxdur və bu insanları çaşdırır. Xahiş edirəm bu məsələlərə də baxılsın”.

Milli Məclisin digər üzvü Məlahət İbrahimqızı da təkliflərlə bağlı çıxış edib: “Bu yaxınlarda Naxçıvanda oldum. Bura Azərbaycanın ən inkişaf etmiş və ən mədəni bölgəsidir. Orada hətta “xalturşik” taksi sürücüləri də elə bil dövlət məmurları, dövlət qulluqçularıdır”.
O, Naxçıvandakı taksi sürücülərinin səliqəli şəkildə kənarda avtomobillərinin yanında dayandıqlarını və müştəri gözlədiklərini qeyd edib.

Deputat Bakıda fəaliyyət göstərən hava limanında isə taksi sürücülərinin insanları narahat etdiklərini deyib: “Bakıdakı hava limanında gömrük məntəqəsini keçməmiş taksi sürücüləri adamın gözünü çıxardırlar. Geyimləri isə səliqəsizdir. Gecə gələndə xarici qonaqlar onlardan qorxurlar. Bu cür möhtəşəm hava limanında belə hallar qəbuledilməzdir. Xahiş edirəm aidiyyatı qurumlar bu təklifləri nəzə alsınlar”.

Deputat Aytən Mustafayeva qanun layihəsində ictimai nəqliyyatı idarə edən şəxslərin 21 yaşından seçilməsinə münasibət bildirib: “Bu zaman həmin şəxsin sürücülük təcrübəsi 3 il olacaq və hesab edirəm ki, o insanlar nəqliyyatı vasitəsini idarə etmək üçün cavandır. Nəticədə onlar yolda yürüşlər edir və apardığı insanları unudurlar. Taksi sürücüləri üçün deyilir ki, mütləq kurslar keçilməlidir. Bəs insanları daşıyan ictimai nəqliyyat vasitələri necə, onlar da kurslardan keçməlidirlər?”.

Deputat Çingiz Qənizadə rayondan gələn maşınların Bakıya buraxılmamasının postlarda yaratdığı mənfi nəticələri qeyd edib: “Rayon maşınlarının saxlanıldığı dayanacaqlarda şərait yaradılmayıb. Belə ki, maşınlar orda dayanarkən insanlar çay içmək istəyəndə bir çaynik 3 manata satılır. Və ya Qaradağ postundan Suraxanıya taksi 35 manata aparır. Lazımi orqanlar bu işi həyata keçirirsə, öz üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirsinlər və kimlərinsə biznes maraqlarını ortaya qoymasınlar”. 

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama