Azər Mehtiyev: “Bütün dünyada sahibkarlara münasibətdə “qamçı və kökə” siyasəti yeridilir”
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə qəbul edildi.
Layihəyə görə, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bundan başqa, prezident İlham Əliyevin imzaladığı fərmanda lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb “ASAN xidmət” mərkəzlərinə verilməsi nəzərdə tutulub.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev sahibkarlığın inkişafı üçün nəzərdə tutulan fərmanla bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.
İqtisadçı indiki halda yoxlamaların dayandırılmasını doğru sayır:
“Sahibkarlara qarşı aparılan qanunsuz yoxlamalar illərdir davam edirdi. Hər halda, sahibkarların nəfəs almasına şərait yaratmaq lazımdır. Əlbəttə, sahibkarları tamamilə nəzarətsiz də qoymaq olmaz. Məlumdur ki, sahibkarlar daha çox şəxsi maraqlarının dalınca gedir və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hallara rəvac verirlər.
Ayrı-ayrı hökumət və dövlət qurumlarına bu baxımdan yoxlama səlahiyyəti verilmişdi ki, onlar istehlakçıların hüquqlarını qorusunlar, rəqabət qanunvericiliyinə əməl etsinlər, inhisarçılığın qarşısını alsınlar. Lakin həmin orqanlar indiyə qədər öz funksiyalarını yerinə yetirmək əvəzinə, sahibkarın sıxışdırılması və onlardan “pay” alınması kimi məqsədlərdən istifadə ediblər”.
Azər Mehtiyev bildirib ki, indiyə qədər aparılan yoxlamalar faktiki olaraq istehlakçıların hüquqlarını müdafiə etmək iqtidarında olmayıb:
“Azərbaycan bazarı keyfiyyətsiz məhsullarla doludur. Hətta apteklər belə, yararsız dərman preparatlarının satış nöqtəsinə çevrilib. Bütün bunlar istehlakçıların hüquqlarını təmin etmir. Ayrı-ayrı məişət, ərzaq məhsulları istehsal olunan və satılan obyektlərdə aparılan yoxlamalar təyinatı üzrə aparılmadığından, vəziyyəti heç də yaxşılaşdırmırdı.
Yoxlamaların dayandırılmasından yaranan ən böyük əndişə yenə də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır. Ancaq hesab edirəm ki, indiyə qədər aparılan yoxlamalar bu məsələni həll etmədiyindən, bu tip yoxlamaların dayandırılması çox doğrudur”.
Ekspertin fikrincə, bütün dünyada sahibkarlara münasibətdə “qamçı və kökə” siyasəti yeridilir:
“Hökumət bir tərəfdən sahibkarlığın inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirir, digər tərəfdən istehlakçıların sağlamlığı baxımından sahibkarların fəaliyyətini nəzarətdə saxlayır. Təbii ki, bu da mütləqdir”.
Azər Mehtiyevin fikrincə, yoxlamaların dayandırılması Azərbaycanda neft gəlirlərinin azalması və büdcəyə gəlir gəlməsi baxımından da önəmli ola bilər:
“Onu da nəzərə alaq ki, 2002-ci ildən bəri çox sayda belə qərarlar verilib. Amma onların ciddi nəticələri olmayıb. Bu addımın nəticələrinin nədən ibarət olduğunun anlaşılması üçün zamana ehtiyac var. Anlamaq lazımdı ki, burada söhbət yoxlamaların yığışdırılmasından, yaxud bir əldə cəmlənməsindən gedir... Burada sual doğuran məqamlar çoxdur. Təcrübə bu addımların müsbət nəticələnəcəyindən xəbər vermir”.
Ekspert lisenziya və icazələrin “ASAN xidmət” dən verilməsinə də münasibət bildirib:
“Əslində “ASAN xidmət” yaxşı bir nümunədir. Onun nümunəsini bütün dövlət qurumlarına keçirmək ehtiyacı vardı. Amma bizdə proses əksinə gedir. Əslində bunu dövlət qurumlarına tətbiq etməkdənsə, tədricən dövlət orqanlarının bütün funksiyaları “ASAN xidmət”ə verilir. Hesab edirəm ki, “ASAN xidmət” şişirdilir. Bunun da təhlükəli məqamları var. Çünki hökuməti tamamilə “ASAN xidmətə” vermək düzgün olmazdı.
Lisenziyaların və icazələrin verilməsi baxımdan yaxşı addımdır. Amma mənə elə gəlir ki, ölkədə lisenziya və icazələrin mahiyyətinin nədən ibarət olduğu ortaya qoyulmayıb. Bir çox hallarda bunu dövlət büdcəsinə axan əlavə gəlir mənbəyi kimi qiymətləndirirlər. Lisenziya və icazələrin əsas mahiyyəti ondan ibarətdir ki, bu fəaliyyəti həyata keçirən insanlar zəruri baza və biliklərə, texnologiyaya sahib olmalıdırlar. Bunlar kənarda qalıb, digər məqsədlər üçün tətbiq edilirsə, bu, lisenziyanın mahiyyətinə səhv yanaşma olacaq. Nəzərə almaq lazımdır ki, “ASAN xidmət” bütün lisenziyalar üzrə müvafiq yoxlamalar aparmaq iqtidarında deyil. Yenə müvafiq hökumət qurumlarına müraciət edərək, onlardan rəy alınmalıdır. Sadəcə, bunu prosesin sürətlənməsi, şəffaflığın artırılması baxımından irəliyə doğru addım hesab etmək olar”.
Gülşən RAUFQIZI