Əfqan ABDULLAYEV,
filologiya elmləri doktoru, professor
İkinci hissə
Universitet rektorlarının əsas iki qərar qəbuletmə sferası vardır - universitetdaxili və universitetxarici. Universitetdaxili qərarlara strateji planlaşdırma, maliyyə-büdcə məsələləri, administratorların, professor-müəllim heyətinin, xidmət personalının seçilməsi, akademik proqramların, dərəcələrin, fənlərin, tələbə qəbulu və məzunluq məsələlərinin, maaş təyini, idman, tələbə problemləri, elmi-tədqiqat, qrantlar, tibbi xidmət, təhlükəsizlik xidmətləri və s. daxildir.
Rektorun universitetxarici fəaliyyətinə isə idarəetmə orqanları ilə, məzunlarla, donorlarla, yerli və federal hökumətlə, qeyri-hökumət təşkilatları ilə, assosiasiyalarla, kompaniyalarla işlər daxildir. O universitet rektoru müvəffəqiyyət qazanır ki, o, daxili təzyiqlərə, maneələrə dözür və onları neytrallaşdıra bilir, eyni zamanda universiteti xarici təsirlərdən qoruyur.
379 illik ali təhsil tarixi olan ABŞ əhalisi bu gün 316 milyon nəfərdir. Bu 316 milyon əhalinin yaş bölgüsü belədir: 6,3% 4 yaşa qədər olanlar, 13,1% 5-14 yaşı olanlar, 6,8% 15-19 yaşa qədər olanlar, 7,2% 20-24 yaşa qədər olanlar, 26,3% 25-44 yaşa qədər olanlar, 26,3% 45-64 yaşlılar və 14,2% 65-dən çox yaşı olanlar. 27,8%-in orta məktəb təhsil var, 21,1%-in natamam kollec təhsili var, 8,1%-in peşə dərəcəsi (adətən ikiillik təhsildən sonra verilən dərəcə) var, 18,4%-in bakalavr dərəcəsi var, 7,9% magistr dərəcəsi var, 1,3%-in isə doktorluq dərəcəsi var.
2014-2015-ci tədris ilində 3265460 nəfər orta məktəbi qurtarmalıdır. 2012-ci ildə orta məktəbi qurtaranların 81%-i ali təhsillərini öz yaşadıqları ştatda almağa üstünlük verib. Orta məktəbdən yayınma 4,2%-dir. Ali təhsil müəssisələrində 17506000 bakalavr, 2911547 magistr təhsil alır. Bu tələbələrin 72%-i dövlət universitetlərində oxuyur. Bütün tələbələrin 61,7%-i əyani təhsil formasından (Full-time) istifadə edir. Keçən ildə ABŞ universitetlərində məzunluq (universiteti qurtarma) faizi 59,8% olmuşdur.
Həmin insanların ali təhsilini təşkil etmək üçün ABŞ-da 4810 ali təhsil verən kollec və universitetlər vardır. Buraya həm dövlət, həm də özəl təhsil müəssisələri aiddir. Bu ali təhsil müəssisələrində ümumilikdə 3084491 (52,4% qadınlardır) nəfər mütəxəssis çalışır ki, bunlardan da 1560503 (48,8% qadınlardır) nəfəri professor-müəllim heyətidir. Bütün professor-müəllim heyətinin 46% (703150 nəfər) tam ştatda olanlardır ki, bunların da 182508 nəfəri professor (25%), 155505 nəfəri dosent (22%), 166505 nəfəri isə baş müəllim (23,6%) vəzifəsində işləyirlər.
Bütün bu sadaladıqlarımız təhsil göstəriciləri kollec və universitetlərdə reallaşır və həmin təhsil müəssisələrində bir qrup insanlar var ki, onların tədrisinin təşkili, idarə olunması üçün məsuliyyət daşıyırlar. Ən böyük məsuliyyət isə heç şübhəsiz ki, universitet rektorlarının üzərinə düşür. Dünyanın super dövlətinin təhsil müəssisələrinə kimlər rəhbərlik edir, onların təhsil göstəriciləri, elmi dərəcələri, iş şəraitlərinin necəliyi yəqin ki, bizim ali təhsil müəssisələrində çalışanlar üçün də çox maraqlı olar. İndi həmin məsələlərə bir aydınlıq gətirək.
ABŞ universitetlərinin rektorlarının 77%-i kişi, 23%-i qadındır. Bunların 86,4%-i ağdərili amerikalılar, 5,9%-i Afrika mənşəli amerikalılar, 4,9%-i ispan mənşəli amerikalılar, 1% isə Asiya mənşəli amerikalılardır.
Yaşa gəldikdə isə universitet rektorlarının 0,6%-nin 31-40 yaşı, 7,5%-nin 41-50 yaşı, 42,6% -nin 51-60 yaşı, 42,6%-nin 61-70 yaşı, 6,7%-nin isə 71 və daha çox yaşı var. Universitet prezidentlərinin orta yaş həddi 60-dır. Ailə statuslarına görə prezidentlərin 4,2%-i heç vaxt evlənməyib, 3,3%-i dini baxışlarına görə evlənməyib, 83,3%-i evli, 1,1%-in kəbinsiz ailəsi var, 0,2%-i ailəsindən ayrılıb, 6,2%-i boşanıb, 1,8%-i subaydır.
Universitet rektorlarının bu təyinata qədər hansı işdə çalışmaları da maraqlıdır. Onların 18,5% bu universitetə başqa universitetdən dəvət olunub, 10,9% rektor əvəzi işləyib, 22,6% elə həmin universitetdə tədris işləri üzrə prorektor (ABŞ-da ona çox vaxt "Provost" deyirlər) olub, 18,1% başqa universitetdə president-rektor müavini işləyib, 10,2% həmin universitetdə dekan olub, 7,2% başqa universitetdə digər administrativ işlərdə (kafedra müdiri, bölmə rəhbəri və s.) çalışıb, 0,8% həmin universitetdə professor vəzifəsində olub, 11,7% isə təhsil sahəsindən kənardan çalışıb. Universitet rektorlarının təxminən 80%-i universitetlə yazılı müqavilə bağlayıb və bunlardan da 18,1%- nin illik, 7,7%- nin 2 illik, 32,6%-nin 3 illik, 9,5%- nin 4 illik, 24,6%- nin 5 ildən çox, 3%-nin müqaviləsi qeyri-müəyyən müddətə olub. Universitet rektorlarının 75,4%-i müqaviləni imzalamamışdan qabaq universitetin maliyyə vəziyyətini tam öyrənib, 81,2% Qəyyumlar Şurasının ona hansı ümidlər bəslədiyini əvvəlcədən aydınlaşdırıb. Seçilən rektorların 1,9%-nin bakalavr, 9,5%-nin magistr, 54,3%-nin doktorluq, 20,7%-nin təhsil doktoru (Ed.D), 1,3 % - nin tibb doktoru (M.D), 5,7%-nin hüquq doktoru dərəcəsi olmuşdur. Bunların aldıqları dərəcələrin 43,0% təhsil sahəsini, 13,8% sosial elmləri, 13,7% humanitar - incəsənət elmlərini, 4,9% biznes sahəsini, 4,7% hüquq sahəsini, 18% isə fundamental elmləri və mühəndislik sahəsini əhatə edib.
Dini baxışlarına gəldikdə, universitet prezidentlərinin 54,4%-i protestant, 27%-i roman katolik, 5,1%-i yəhudi, 1%-i buddizm, 9,8% isə heç bir dinə qulluq eləmir.
Universitetə seçilmiş rektorlarla bağlanmış müqavilələrdən bəzi nümunələr vermək, düşünürük ki, maraqlı olardı. Onların 51,3%-i xidməti maşın verilməsini istəyib, sürücu istəməyib, 27,6% universitet rektoru üçün olan evdə yaşamaq arzusunda olub. 63,3% tibbi sığorta istəyib, 17,5% evini yığışdırmaq üçün xidmətçi olmasını göstərib.
Universitet rektorlarının vaxtlarının daha çox nəyə sərf olunması da maraqlıdır. Onların 37,7%-i vaxtlarını universitetə maliyyə mənbələri cəlb etməyə, (keçən il ABŞ universitetlərinə təmənnasız olaraq 31 milyarddan çox maliyyə yardımı (nəğd pul, yaxud başqa formada) edilmişdir ki, bunların da 30%-i universitetlərin məzunlarının payına düşür), 20,9% vaxt strateji planlaşdırmaya, 10,8% vaxt müəllim-professor heyətinə, 10,2% vaxt akademik problemlərə, 10,6% vaxt tələbə qəbulu məsələlərinə, yuxarı orqanlarla işə 7,2% vaxt, 3,7% kütləvi-informasiya vasitələri ilə işə, 2,6% tələbə həyatı, nizam-intizam məsələlərinə, 10,9% şəxsi məsələlərə və s. ayırır (göstərilən vaxt bölgüləri ümumiləşmələr əsasında aparılmışdır).
Universitet rektorları daha hansı işlərə vaxt ayırırlar? Onların 20,1%-i dərs deyir, 16,9%-i elmi əsərlər yazır, 11,2%-i elmi-tədqiqat işləri aparır. Rektorların 86%-i universitetdən kənarda müxtəlif şuraların, cəmiyyətlərin üzvüdür.
Universitet rektorlarının 3,4%-nin ailə üzvlərinə universitet kompensasiya ödəyir, 6,2%-nin həyat yoldaşı universitetdə işləyir, 34,4%-in ailə üzvləri təhsil haqqı ödəmədən dərslərə qedir, 26,8%-i isə unversitetdən kənarda işləyir. Yüksək elmi tədqiqat işi ilə məşğul olan universitetlər rektorlara yüksək də maaş verir.
Göründüyü kimi, ABŞ universitetlərinin rəhbərlərinin həyatları o qədər də rahat keçmir. İstər akademik sahə olsun, istərsə də qeyri-akademik sahə, universitet rəhbərləri çox gərgin işləyirlər və birinci növbədə rəhbəri olduğu universitetin uzun illərdən bəri formalaşmış imicinin qorunması onun şərəf işi sayılır.