Modern.az

Yaşlı nəsil gənclərə qısqanc yanaşır

Yaşlı nəsil gənclərə qısqanc yanaşır

22 Oktyabr 2015, 13:30


Azərbaycanda gənclərə dövlət qayğısı olsa da yaşlı məmurların onlara münasibəti birmənalı deyil.

Bəzən yaşlı nəsil gənclərin qabağa getməsinə əngəl törədir.   

"İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, peşəkar fəaliyyətini düzgün səciyyələndirməyi bacaran gənclərin öz sahəsində uğur qazanmaması qeyri-mümkündür:  

“Əsası ulu öndər tərəfindən qoyulmuş gənclər siyasəti ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, gənclər müəyyən iş strukturlarında təmsil olunmağa başlayıblar.

Gənclər bu gün ölkənin dinamikası olmaqla yanaşı, eyni zamanda da ən aparıcı qüvvəsidir. Amma təəssüf doğuran hallardan biri də odur ki, bəzi iş yerlərində gənclər müəyyən məhdudiyyətlərlə qarşılaşırlar. Onlara lazımi şərait yaradılmır. Bu da onların gələcək fəaliyyətlərinin iş yerlərində ikinci plana düşməsinə səbəb olur”.  

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərlinin sözlərinə görə, gənclərin iş problemlərinin həll oluna bilməməyinə səbəb ölkədə iş yerlərinin yetərincə olmamasıdır: “Ali məktəbi bitirən gənclərin iş tapa bilməməyinin müxtəlif səbəbləri var. İş yerlərindəki mövcud vəziyyət, orta yaşlı insanlarda gənclərin onların yerlərini tutacağı qorxusu, eyni zamanda da iş yerlərində işə götürənin müəyyən miqdarda pul tələb etməsi və s. məsələlər əsas səbəblərdəndir”. 

Amal Nəzərlinin fikrincə, indiki zəmanədə “dayday”ı olmayan insanların iş tapmağı olduqca qəliz məsələdir: “Bəzi iş yerlərində mövcud şərait gəncləri qane etməyəcək səviyyədədir. Orta yaşlı təbəqənin insanları sovet təfəkkürlü olduğundan gənclərə şərait yaratmağa, onları peşəkar kadr kimi yetişdirməyə çox da meylli deyil. Belə olduğu halda onlar çıxış yolunu başqa sahələrdə axtarır, qazanc əldə etməyə çalışırlar.

Düşünürəm ki, gənclərin işlə təmin olunmağı üçün ilk olaraq azad iqtisadi bazar sistemi olmalı, monopoliyalar aradan qaldırılmalı və onlara iş qurmaq üçün müəyyən güzəştlər edilməlidir. Yalnız belə olduğu halda ali məktəbi bitirmiş gənclər rahatlıqla iş tapa və öz bizneslərini qura bilərlər”.   

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, ölkəmizdə gənclər intellekt, bacarıq və qabiliyyətlərinə görə irəli çəkilir, onların fəallıqlarının artırılması üçün geniş imkanlar yaradılır:

“Düşünürəm ki, həm orta məktəb, həm də ali təhsil müəssisələrində gənclər fəal həyat mövqeyi ortaya qoymalı, həyatımızın inkişaf sürətinə uyğun olaraq, təhsildə, ictimai işlərdə və cəmiyyətdə nümunəvi keyfiyyətləri ilə fərqlənməlidirlər. Son illər gənclərin cəlb olunduğu könüllülük fəaliyyət proqramları təqdirəlayiqdir və yüzlərlə könüllünün asanlıqla işlə təmin olunmasının şahidi olmuşuq.

Ümumiyyətlə, gənclərin məşğulluq məsələlərinin həlli istiqamətində geniş tədbirlər həyata keçirilir və bu işlər öz əməli nəticəsini verməkdədir”.  

Naqif Həmzəyev hər sahədə olduğu kimi, gənclərin işlə təmin olunması məsələsində də  istisnaların olduğunu və bu sahədə onların bilik və bacarıqlarını inkişaf etdirmələrinə mane olanların heç də az olmadığını bildirib:

“Bəzən iş yerlərində gənclərin özlərini inkişaf etdirmələri, müəyyən təcrübə qazanmaları orta yaşlı təbəqəyə məxsus insanların istədiyi bir şey deyil.

Düşünürlər ki, gənc nəslin intellekti, cəmiyyətdə hər hansı mövqedən çıxış etməsi onları kölgədə qoya bilər. Bunun nəticəsi olaraq onlarda özləri də bilmədən qəribə bir qısqanclıq formalaşır. Bu qısqanclıq isə gənclərin iş yerlərində müəyyən çətinliklərlə üzləşməsinə səbəb olur”.    

Vüsalə Qəzənfərqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu