Modern.az

Oğlu tutulan əməkdar jurnalist Prezidentə müraciət etdi

Oğlu tutulan əməkdar jurnalist Prezidentə müraciət etdi

Təhsil

22 Oktyabr 2015, 14:26


Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı  laureatı  Sahib Əliyev ölkə Prezidentinə müraciət edib. Buna səbəb isə oğlu - jurnalist və iş adamı İlqar Əliyevin qanunsuz həbs olunmasıdır.

Modern.az saytı xəbər verir ki, müraciətində əməkdar jurnalist qeyd edib ki, Azərbaycan KİV-nin hər bir üzvü Prezidenti jurnalistlərin dostu və sahibkarların haqlarını müdafiə edən bir dövlət  başçısı  kimi tanıyır.

“Lakin nə qədər acınacaqlı olsa  da, Prezidentin nəcib hərəkətlərinə qarşı- bəzən gizli, bəzən isə aşkar  çıxanlar  da  var.  Belələri hər vasitə ilə çalışırlar ki, insanları incidib, dövlət başçısının məqsədyönlü  fəaliyyətindən narazı  salsınlar. Bunu həm  jurnalistlik, həm də sahibkarlıqla məşğul  olan İlqar Əliyevin başına gətirilən hadisə bir daha təsdiq edir”.

Müraciətdə deyilir: “İlqar Əliyev  ali  təhsilli jurnalistdir, “Təzə fakt” qəzetinin baş redaktorudur. İlqar bacarıqlı, Vətənə və xalqına son dərəcə sədaqətli bir insan kimi tanınır. Rəhbəri olduğu qəzetdə dövlət və dövlətçiliyə sadiqliyini nümayiş etdirərək, iqtidarın  mövqeyini hər vasitə ilə təbliğ edir. O, həm də sahibkarlıqla məşğul olur. Bir  müddət  bundan əvvəl tam  qanuni yolla 0,20 ha sahə alaraq hündürmərtəbəli bina tikmək niyətinə düşüb. Lakin bəzi səlahiyətsahibləri həmin sahəni ələ keçirmək məqsədilə onun  üstünə şər atdırıb, kriminal keçmişi olan, ən əsası isə bir neçə il bundan əvvəl  bir nəfər jurnalistin gözünü çıxartdığı üçün məhkəmə tərəfindən cəza almış Səxavət Kərimov adlı birisinin adicə bir ərizəsi ilə Nərimanov rayonunda haqqında  cinayət  işi açdırmışlar. Məsələnin naköndəm getməsini görən sözügedən səlayihət sahibləri həmin işi dərhal Daxili İşlər Nazirliyi istintaq idarəsinə gətizdirərək İlqar Əliyevi həbs etdiriblər. Guya İlqar Əliyev  S. Kərimovdan 1.400 000  manat pul alıb.

Cənab Prezident! Birincisi, bu, tamamilə böhtandır. Heç bir hüquqi əsası da yoxdur. İlqar Əliyev hər şeydən əvvəl, dindar  adamdır, hacı adını daşıyır. Hacı heç vaxt belə naqis iş tutmaz. Həm də yuxarıda dediyimiz kimi, cinayət  işi  Nərimanov rayonunda  açılıb. Sual yaranır: İlqar Əliyevin bu  rayonla nə əlaqəsi? Axı o, həmin rayonda nə yaşayır, nə işləyir, nə də ki,  rayonun ərazisində hər hansı bir hadisə ilə əlaqəsi  yoxdur. İşin saxtalığı elə buradan aydın görünür.Deməli, cinayət  işinin burada başlanması kiməsə  sərfəliymiş”.

Müraciətdə qeyd edilir ki, Səxavət  Kərimovun  özünün   dələduzluq etməsi barədə  Nəsimi rayon hüquq-mühafizə orqanlarında  bir qrup vətəndaşın şikayət ərizələri  var.  

“Bu adamdan soruşan yoxdur ki, 1.400 000 manat  pulu haradan gətirib və bu yüksək məbləği necə olub rəsmi yolla deyil, qeyri- rəsmi yolla başqasına verib?

Doğrudur, məqsədə nail olmaq üçün Səxavət Kərimovun bir-iki qohumunu şahid kimi ortaya  atıblar. İstintaq aparanların hərəkətlərindən belə çıxır ki, hər bir adam istədiyi vaxt istədiyi qədər şahid təşkil edib istədiyi rəqibini tutdura bilər. Bəs ədalət? Bəs qanun? Bəs həqiqət?”.

Əməkdar jurnalist qeyd edib ki, oğlu İlqar Əliyevlə bağlı heç bir istintaq işi aparılmadan barəsində dörd aylıq həbs-qəti imkan tədbiri seçilib.

“Özü də hacı İlqar Əliyev Orucluq bayramı günü həbs edilib. Görəsən, hansı təhlükə vardı ki, o, məhz bayram günü tutulmalıydı? Deməli, onu həbs etdirənlər “istədiklərini” almaq üçün bayram günü tələsik iş görmək qərarına gəliblər”.

Sahib Əliyev müraciətində onu da bildirib ki, ailələrinə yaxın qohumları bu qurama iş barədə  dövlət başçısına, habelə, bütün hüquq- mühafizə orqanlarına çoxlu şikayət ərizəsi yazıb, teleqramlar göndərib və qəbullarda olublar, lakin bunların heç birinin əhəmiyyəti olmayıb.

“İlqar Əliyevin atasının dediyinə görə, burada məqsəd belədir: Səxavət Kərimovun arxasında duranlar İlqarın tam qanuni yolla aldığı əmlakı  saxta yollarla ələ keçirib, özününküləşdirsinlər”.

Müraciətin sonunda deyilir: “Cənab Prezident! Biz Sizi haqqın və ədalətin müdafiəçisi  kimi tanıyırıq. Xüsusilə, son vaxtlar xalqı incidən bir sıra rəhbər işçilərə qarşı gördüyünüz  tədbirlər bizi çox sevindirir. Aydın hiss edirik ki, heç bir naxələfi cəzasız buraxmırsınız. Ona görə də Sizdən xahiş edirik ki, qaldırdığımız bu məsələyə də xüsusi qayğı  göstərib, həqiqəti  yenə də müdafiə edəsiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!