Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsinin “ASAN xidmət” ə verilməsi, qanunsuz yoxlamaların qarşısının alınması haqqında qanun layihələri Milli Məclisdə qəbul olunandan sonra biznes mühitindəki dəyişikliklərin nədən ibarət olacağı və bu prosesin nə zaman baş verəcəyi məsələsi gündəmə gəlib. Bununla bağlı
Bununla bağlı Modern.az saytına açıqlama verən iqtisadçı ekspert Oqtay Haqverdiyev deyib ki, bu qərarlar sahibkarlığın inkişafına kömək edəcək: “Sahibkarların yeni-yeni obyektlər açmasına, işləməsinə və təbii ki, yeni iş yerləri də açılmasına müsbət təsir edəcək. Bu nəticələr özünü yaxın müddətdə göstərə bilməz. Çünki gərək sahibkarlarda inam yaransın ki, doğrudan da onlara toxunan olmayacaq və ondan sonra bu iş öz yoluna düşəcək.Çünki uzun illərdir onların başına oyunlar gətirilib. Birdən-birə inana bilməzlər. Yoxlamalar üçün yalnız prokurorluq və vergi orqanları saxlanılıb. Amma əvvəllər yanğın xidməti və digər orqanlar yersiz yoxlamalar aparırdılar. Qanunvericilikdə nəzərdə tutulub ki, vergi orqanları iki ildən bir yoxlama apar bilərlər. Amma prokurorluq orqanları sahibkarlıqla bağlı harada qanun pozuntusu aşkar edərsə, o zaman yoxlama apara bilərlər”.
Ekspertin fikrincə, sahibkarların bəziləri öz maraqlarını üstün tutaraq bu prosesdən də sui-istifadə edəcəklər: “Bizdə bir çox hallarda günah sahibkarların özündə olur. Çünki yoxlamanın biri gəlir, biri gedir. Sahibkar da onlarla çox danışmaq istəmir və deyir ki, haqqı nədirsə, al get.
Bununla da sahibkar özünü pis vəziyyətə salır. Sahibkar öz hüququnu tələb etsə, əsassız yoxlama barədə prokurorluq orqanlarına xəbər verməlidir. Yəni özü özünü müdafiə etməlidir”.
Oqtay Haqverdiyev deyib ki, “ASAN xidmət” yaranandan bu günə qədər müəyyən dövlət orqanlarının müəyyən səlahiyyətləri ora verilib: “Bundan sonra hansı strukturlardan hansı səlahiyyətlərin alınıb “ASAN xidmət”ə veriləcəyi maraqlıdır. Gömrük Komitəsinin nəinki idxal-ixrac, həm də dövlətin təhlükəsizlik nöqteyi-nəzərindən öhdəlikləri var. Məsələn, ölkə ərazisinə narkotik, silah keçirilməsinin də qarşısının alınmasında rolu var. Ona görə Gömrük Komitəsinin bu səlahiyyətini “ASAN xidmət”ə vermək düzgün olmazdı”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən qanunlar Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verəcək: “Artıq sahibkarlar yeni qəbul olunan qanunları böyük minnətdarlıq hissi ilə qarşılayıblar.
Bu, Azərbaycanın yeni maliyyə-iqtisadi sisteminə böyük dəstək olacaq, nəticədə qeyri-neft sektorunun və kiçik sahibkarlığın inkişafı tam təmin olunacaq. Bu, çox böyük addımdır. Xüsusən, yoxlamaların dayandırılması sahibkarların rahat nəfəs almasına və onların öz bizneslərini genişləndirməsinə səbəb olacaq”.
Deputat deyib ki, vergi ilə yeni münasibətlərin formalaşması, xüsusən sadələşdirilmiş verginin imkanlarının genişləndirilməsi də sahibkarların biznesə olan marağının artmasına, onların pul gəlirlərinin artmasına, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxarcaq. Gələn il biz bunların hamısının əyani şahidi olacağıq.
Təbii ki, sahibkarlara da müəyyən nəzarət olacaq. Amma öz işini dəqiq ölçüb-biçən sahibkar çalışacaq ki, sui-istifadə hallarına yol verməsin.
Əgər hansısa sahibkar sui-istifadə etsə, onun lisenziyası əlindən alacaq, məhsul istehsalı və satışı dayandırılacaq. Hər bir şikayət araşdırılmalıdır. Əgər hansısa fakt ortaya çıxacaqsa, tədbirlər görüləcək. Amma planlı yoxlamalar dayandırılacaq”.
Ağa AKİFOĞLU