Mahir Qabiloğlu
Generalı həbs edərlərmi? General əsir düşərmi? Sovet dövrünün yetirməsi olan mən üçün bu, ağlasığmaz bir şeydir. Lap tarix kitablarında da bu barədə çox oxumuşuq. General müharibə şəraitində heç vaxt təslim olmaz. Düşmənin qalib gələcəyini zənn etdikdə belə, ya öz ordusuyla sonacan vuruşub həlak olar, ya da ustalıqla geri çəkilib yenidən hücuma keçər. Böyük Vətən Müharibəsində hər hansı sovet generalının əsir düşdüyünü eşitmisinizmi? Xeyr. Amma faşist Feldmarşal Fridrix Paulyus və daha 17 generalın əsir düşməsi tarixi faktdır. Paulyus əsir düşməmək üçün özünü güllələmədi, zabit şərəfini qorumadı. Müharibədən 12 il sonra da Sovet Almaniyasında – ADR-də yaşadı və əcəliylə öldü. Amma müharibə əlili olan oğlu onun ölümündən üç ül sonra atasının kommunistlərə satılmasına etiraz əlaməti olaraq özünü güllələdi.
Generallar əsir alınacaqlarını və ya həbs olunacaqlarını hiss etdikdə həyat yoldaşlarını da yaddan çıxartmırlar. Birinci onları, sonra isə özlərini güllələyirlər. (SSRİ-nin daxili işlər naziri Boris Puqo) Generallar özlərini zəhərləmirlər, yaxud da asmırlar, 10-cu mərtəbədən yerə atmırlar. Generallar özlərinin tabel silahlarını gicgahlarına dirəyib, sadəcə bircə atəş açırlar. Vəssalam. General rütbəsinə qədər, uzun illər boyu qazandıqları şərəfi, ailələrinin şərəfini buraxdıqları bir səhvə qurban verməmək üçün, günahlarını gülləylə yuyurlar. Öz cəzalarını özləri verirlər. Sonda elə general kimi dünyadan köçürlər. Sonradan heç bir prokuror təqdimatı, məhkəmə qərarı onları bu general rütbəsindən məhrum edə bilmir. Yalnız SSRİ daxili işlər naziri general-polkovnik Şelokov 2 il bu qərarında gecikmişdi. Çünki günahının olmadığına inanırdı. Amma general-polkovnik rütbəsindən mərhum edildikdən sonra, özünü ov tüfəngiylə qətlə yetirmişdi. Arvadı isə ondan bir il yarım əvvəl özünü qətlə yetirmişdi. İndi deyəcəksiniz ki, nə fərqi var? Bir il yarım əvvəl, ya sonra. Qadın general arvadı kimi dəfn olundu, Şelokov isə zabit şərəfini itirən adi sovet vətəndaşı.
General olmaq çox çətin, şərəfli bir işdir. Məsələn, Stalinin oğlu general Vasili Stalin hərbi təyyarəçi kimi almanlara qarşı döyüşə gedəndə heç vaxt paraşüt götürmürmüş ki, birdən əsir düşər. Ölməyi üstün tuturmuş. Rusların belə bir misalı var. Onun bütün xalqların əsgərlərinə aid etmək olar: “Плох тот солдат, который не мечтает быть генералом”. Mən bu ifadəni Azərbaycanca “General olmağı arzulamayan əsgər, əsgər deyil” kimi eşitmişəm. General olmaq isə çox çətindir. Uzun, məşəqqətli bir yol keçməlisən.
Hər bir hərbiçi – ya əsgər olsun, ya da general, marşal – papaq qoyur. Əsgərin papağı süni dəridən olur. Zabit polkovnik rütbəsinəcən dovşan dərisindən tikilmiş papaq qoyur. Polkovnikin papağı formaca dəyişməsə də qaragül dərisindən tikilir. Generalı isə papağından uzaqdan tanıyırsan. Papaq qaragül dərisindən, özü də hündür olur. Papaq namusdur. Papaqdakı bu fərq isə o deməkdir ki, general daha çox insanın, ordunun şərəfinə, namusuna, qeyrətinə cavabdehdir.
Zabitlər bir-birinin yanından keçəndə lap marşal olsun, əsgərin ona hərbi təzim etməsinə, yəni ki, barmaqlarını cütləşdirib gicgaha aparıb salamlamasına eyni qaydada cavab verməlidir. Bu nizamnamədir. Sovet ordusunda xidmət eləyəndə buna rusca “çest vermək” deyirdilər. “Çest” sözünün tərcüməsi isə müxtəlifdir: “Şərəf”, “namus”, “vicdan”, “heysiyyat”, “ismət”, “bəkarət”, “ehtiram”, “hörmət”, “izzət”. Buna görəmi generallar, zabitlər təhlükə hiss edən kimi özlərini güllələyirlər ki, buraxdıqları hansısa səhvlərə görə (istər sülh dövrü olsun, istərsə də müharibə şəraiti) uzun illər qazandıqları şərəf, namus, vicdan, heysiyyatlarının alçaldılmasını görməsinlər. Daha doğrusu şərəf, namus, vicdan, heysiyyatlarını, onlara olan ehtitam, hörmət, izzəti qanlarıyla qorusunlar, günahlarını qanlarıyla yusunlar. Çünki şərəfləri işlətdikləri cinayət ucbatından tapdalanarsa, o qan nəyə lazımdır ki?
Bu, təkcə generalların, zabit adı daşıyanların özlərinə qoyduğu hörmət deyil. Hətta dünya təcrübəsi göstərir ki, generalları həbs etmək elə də dəb deyil. Onları əsasən qətlə yetirirlər. Özü də nümayişkaranə. Sizcə Rus FSB-si general Cövhər Dudayevi həbs edə bilməzdimi? (Yaxud general Roxlini, Lebedi...) Bilərdi. Amma məhv elədi.Onu türemşik adına yox, şəhid adına layiq bildi. Misallar çoxdur. Samurayları, daha kimləri misal çəkmək olar. Amma nəticə birdir. General etdiyi günahı özü də yumalıdır. Sadəcə, öz silahıyla və bircə gülləylə.
1937-ci il repressiyaları isə istisna idi. O vaxt həbsə düşən zabitlərin günahının olmamasını onları həbs edənlərin özləri də gözəl başa düşürdü. Ona görə də bu həbslərin adı repressiya çağrılır və sonda bəraətlə başa çatırdı.
Dünya təcrübəsindən çox danışdım. Bəs Azərbaycan? Böyük Vətən müharibəsində və ya Qarabağ savaşında həlak olan, düşmənə əsir düşməmək üçün özünü gülləylə vuran, qranatla partladan o qədər qəhrəman tanıyıram ki... İçində general da var. Adlarını bir-bir çəkmək istəmirəm. Hansısa yadımdan çıxar, ruhları inciyər məndən. Həə... Bir ifadə də var: “Şuşa əldən getsə, başıma güllə çaxacağam”. Müdafiə naziri Rəhim Qazıyev demişdi bu sözü. General olmasa da, başına “generalski” buxara papaq qoymuşdu o sözü deyəndə. Hadisələrin sonrakı inkişafı üçün pis “nümunə” olmadı, elə deyilmi?
Generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Vaxt, zaman onları əvvəl-axır öz süzgəcindən keçirir. Sadəcə zamana ehtiyac var.