“Olur , olur, belə işlər də olur” silsiləsindən
Hirsli-hikkəli, qəzəbli və hər addımda yalnız özünü haqlı sayan, iddialı xəstələr üçün nəzərdə tutulan müalicə mərkəzinin yeməkxana binasının pilləkənləri qarşısında ədəb-ərkanla şöngüyən boz-bulanıq rəngli itlər içəridən çıxası insanları səbirsizliklə gözləyirdilər. Vasif bura gəldiyi ilk gündəncə dördayaqlı varlıqların insanın ən yaxın dostu statusunu necə şövqlə, ləyaqətlə qoruduqlarının əyani şahidi idi.
Gün ərzində bir tikə çörək arzusu ilə yaşayış və müalicə korpuslarının arasında, xiyaban və piyada cığırlarında gəzişən itlər nahar və şam yeməyi başlayar –başlamaz yeməkxananın qarşısında sıra ilə çömbələr, səliqə ilə quyruqlarını bulayar, əlbəttə, səhər yeməyi vaxtı gözə görünməz, kimsəni narahat etməzdilər. Dəqiq bilirdilər ki, bu vaxtlar içəridə stolların üstündə sən deyən ət xörəkləri qoyulmur. Günorta və axşamlar isə ət də qatılmış kotletləri insaflı adamlar qardaş malı kimi bölüb salfetə bükərək bayırda onları gözləyən hansısa alabaşa pay aparırdılar. Təbii ki, hər kəsin öz tanışı, dost iti vardı və paralanmış kotlet digər itlərə yox, yalnız onlara verilirdi. İtin də quyruğunu çalın-çarpaz bulaması yalnız təşəkkürün, sağolun ifadəsi idi, başqa bir yozumu yox idi.
Vasif danışır ki, belə mənzərələrə təbii ki, yalnız müalicə ocaqlarında deyil, yaşayış məhəllələrində kənddə-kəsəkdə də rastlaşırıq. Məni təsirləndirən, ləzzət eliyən başqa məsələdir. İtlərlə pişiyin əzəli düşmənçiliyi, bir-birinə nifrəti barədə çox yazılıb, əhvalatlar danışılıb. Amma bu iki heyvanın dostluğu lap möhkəm olur. Azmı görmüşük, pişiklər çıxıb otururlar itin üstündə. Pişikləri yalayan, nəvaziş göstərən köpəklərə də çox rast gəlirik. Haqqında danışdığım yeməkxananın qarşısında sanki hansısa idman məşqçisinin göstərişi ilə düzlənən itlər əsl ürəyiaçıqlıq və səxavətlilik nümunəsi göstərərək sanatoriya pişiklərinin özlərindən qənşərdə, birinci sırada oturub içəridən yemək gözləmələrinə səmim-qəlbdən icazə verirdilar. Hərəsi bir villanın, bir restoranın yaraşığı olası nazlı məstanlar da itlərin bu güzəştindən kövrəlir, asta səslə miyoldayırdılar.
Budur, yeməkxananın qapısı açılır, müxtəlif yaşda, cürbəcür biçimdə, idman kostyumundan tutmuş şortikə qədər əllərinə nə düşdü geyinib nahara buyuran istirahətçilər ( bu deyimdən Vasifin xoşu gəlməsə də sinonim xatirinə işlətməli olur) topa-topa bayıra çıxırlar. Heyvanlara məhəbbəti olanlar adəti üzrə əllərində salfetə bükülmüş ət qırıntıları ilə qarşılarında sıralanmış, öz qismətini gözləyən itlərə, pişiklərə yaxınlaşırlar. Təbii ki, itlər hər barədə güclü olduğundan yeməkləri elə havadaca qapırlar. Pişiklərə də basabasda azdan-çoxdan nə isə düşür – necə deyərlər, yapışana bərəkət. Elə bu vaxt şəlpə qulaqları çənəsindən də aşağı sallanan bir tazı havadaca qapdığı kotleti götürüb beş-on metr aralıda, ağac kölgəsində xumarlanan ağappaq, nazlı-qozlu bir pişiyə doğru tələsir. Pişiyin tükü də tərpənmir. Görünür ya kefsizdir, ya da haradasa qarnını doyurub ki, özünü basabasa vermir. Bəlkə də, Allah bilir, xəstədir, deyə bilmərəm. Qərəz, it ağzındakı kotleti pişiyin qarşısına atıb lütfikarlıqla quyruğunu bulayır, astadan mırıldayır – yəni ki, buyur, qonaq ol, nuşcanlıqla ye. Pişik təklifi yerə salmır, dərhal kotleti içəri ötürür. İt də həmin müddətdə ətrafa nəzarət edir ki, pişiyin payına şərik çıxan olmasın. Hə, necədir sizinçün... Belə yerdə adamın yadına bir söz də düşür – Allah, sənə qurban olum, sənə inanmayan kafirdir.
***
Axşamlar bu istirahət və müalicə mərkəzinin qırağı hasarlanmış geniş meydançasında toylardan iraq düşmüş, vaxtı keçmiş “müğənnilərin” 1 manatlıq konsertləri olur. Sintezator və disklərin hesabına səslənən mahnıların sədaları altında dincələn və müalicə olunanlar dayanmadan rəqs edir, elə hey tullanıb-düşürlər. İfaçı xanımlarla rəqs edənlər isə palataya xüsusi əda ilə, lap toy generalları kimi qayıdırlar – yəni ki, xoşbəxtəm, qoy tay-tuşlarımın lap ürəyi partlasın. Günlərin birində - hansı ki, məlum tazının nazlı pişiyə qulluq elədiyi gün rəqs meydançasında rast gəldiyim hadisəni də unutmaram – deyir Vasif. Özünün dediyinə görə istefada olan polis zabiti yanımda əyləşən bir həmkarlar işçisinə ( o, həm də istedadlı şairdir ) tərəf ildırım sürəti ilə cumdu ki, bəs sən nə ixtiyarla mənim oynadığım rəqsi yarımçıq kəsdirib başqa hava çaldırırsan?! Bilirsən nə var, özgəsinin tarelkasına heç vaxt girmə, belə işlər sənə baha başa gələr, və sair və ilaxir. Belə çıxırdı ki, şair sabiq polisin payına şərik çıxmışdı. Kotlet payına yox ey, tullanıb-düşmək payına...
Həmin gün Vasifin otağından elektirik ustaları çox yox, aylıq maaşının iyirmidə birini dədə malı kimi götürüb qoymuşdular ciblərinə...
Nə isə, bu da bunun burası. Ardı olacaq...