Modern.az

Bakıda sudan zəhərlənmənin səbəbi AÇIQLANDI

Bakıda sudan zəhərlənmənin səbəbi AÇIQLANDI

23 Oktyabr 2015, 11:34

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qaraçuxur qəsəbəsində qeydə alınan içməli sudan zəhərlənmə halı ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az saytına açıqlamasında faktı təsdiqləyib və vəziyyətin tam nəzarətdə olduğunu bildirib:

“Qaraçuxur qəsəbəsinin Z.Şərifov və C.Qurbanov küçələrində baş verən hadisəyə səbəb həmin ərazidə uzun müddət istismarda olan və 6 binanı qidalandıran içməli su xəttində baş verən qəzadır. Nəzərinizə çatdırım ki, əraziyə suyun verilişi səhər və axşam saatlarında qrafiklə həyata keçirilir. Gündüz saatlarında suyun verilişi dayandırılanda borunun deşilən hissəsindən yağış suları daxil olub. Axşam saatlarında su yenidən veriləndə həmin çirkab suları mənzillərə verilib”.

Anar Cəbrayıllı deyib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilən kimi rəhbərlik daxil olmaqla əməkdaşlar, qəza briqadaları hadisə yerinə gedib:

“Binalara suyun verilişi dərhal dayandırılıb, sudan analizlər götürülüb. Əhalinin susuz qalmaması üçün əraziyə 3 ədəd su maşını cəlb olunub. İnsanlara evlərində olan sulardan istifadə etməmələri tövsiyə edilib.

Borunun qəzalı hissəsi müəyyən edildikdən sonra 30 metr yeni xətt çəkilib. Gigiyena və epidomologiya stansiyanın əməkdaşlarının iştirakı ilə həm yeni, həm də mövcud xətlər xlorla yuyulub təmizlənib. İşlər bitəndən sonra yenidən sudan analizlər götürülüb. Suyun təmizliyinə əmin olunduqdan sonra dünən axşamdan etibarən suyun verilişi bərpa olunub. Hazırda ərazi tam nəzarətdədir, heç bir narahatlıq yoxdur”.

Son məlumatlara görə,  hadisə zamanı 20 nəfərə yaxın sakin zəhərlənib. Onlara lokal qida pozuntusu diaqnozu qoyulub, həyatları üçün hər hansı təhlükə yoxdur. Bildirilir ki, xəstələrdən 10 nəfəri artıq evə buraxılıb, zərərçəkənlər əsasən uşaqlardır.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama