Bakı şəhəri Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi 24 ünvanında bir neçə şəxsin sudan zəhərlənməsinin səbəbləri ilə bağlı iki qurum bir-birindən fərqli məlumatlar verib.
Səhiyyə Nazirliyi həmin insanların içməli suya çirkab sularının qarışması nəticəsində zəhərlənmə faktlarını təkzib edib və bu fikirlərin əsassız olduğunu deyib.
Amma “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı binaya verilən içməli su borusunun partlaması nəticəsində içməli suya yağış sularının qarışması nəticəsində məlum hadisənin baş verdiyini bildirib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov Modern.az-a açıqlamasında həmin insanların içməli suya çirkab qarışması nəticəsində zəhərlənmədiyini bir daha vurğulayıb:
“Birincisi, içməli sudan zəhərlənmə olmur. Qaraçuxur qəsəbəsində Zaur Şərifoiv 24 ünvanında yaşayan bir neçə nəfər arasında mədə-bağırsaq pozuntusu olub və bununla əlaqədar onlar müalicə-profilaktika məqsədilə xəstəxanaya müraciət ediblər. Bizə daxil olan məlumata əsasən həmin lokal ərazidə Səhiyyə Nazirliyi, Respublika Gigiyena Mərkəzi və “Azərsu” birgə araşdırma aparıb və məlum olub ki, içməli suyun göstəricilərində norma daxilində kənara çıxma halı olub. Bununla bağlı sağlamlaşdırıcı tədbirlər görülüb və orada heç bir problem yoxdur. Təkrar su nümunəsi götürülüb və nəticələr normaldır. Amma mətbuatın yazdığı kimi içməli sudan zəhərlənmə olmur”.
Ziyəddin Kazımov “Azərsu” ASC-nin açıqlamasına belə fikir bildirib: “Azərsu” nə açıqlama verir bilmirəm. Amma bizim səlahiyyət daxilində nə varsa, onu araşdırırıq. Bu onların tədqiqatıdır, boru patlayıb, nə edib, onlar bilər”.
Aytən ZƏHRA