Modern.az

"Turistlərə nə vaxta kimi “tikə, lülə, basdırma” təklif edəcəyik?"

"Turistlərə nə vaxta kimi “tikə, lülə, basdırma” təklif edəcəyik?"

Təhsil

23 Oktyabr 2015, 16:35

“Discovery Azerbaijan” jurnalı hər dəfə media nümayəndələri ilə onların xarici səfərləri barədə müsahibələr hazırlayır.

Modern.az
“Discovery Azerbaijan”ın növbəti səyyah qonağı jurnalist Fərəh Sabirqızı ilə müsahibəni təqdim edir. Xanım həmkarımızı öz dilindən tanıyaq…

F.S.
 – 20 ilə yaxındır mediadayam, jurnalistika və PR sahəsində çalışıram. Qəzet, sayt, televiziya-radio layihələrində iştirak etmişəm. Bu illər ərzində dini mövzulardan tutmuş sosial, mədəniyyət, siyasətə kimi bir çox sahələrdə yazılarım olub. Dostlarım zarafatca deyirdilər ki, yazmadığın bir idman qalır. Bu il Avropa Oyunlarının rəsmi saytında redaktor işləməklə boşluğu doldurdum. 8 ildir parlamentin fəaliyyətini işıqlandırıram, Parlament Jurnalistlər Birliyinin rəhbərliyində təmsil olunuram. Hazırda “modern.az”, “525-ci qəzet”lə əməkdaşlıq edirəm.

– Gəzməyə qərib ölkə… Yolunuz hansı ölkələrdən düşüb?

– Jurnalist fəaliyyətimlə əlaqədar xarici ölkələrdə çoxsaylı təlim və seminarlara qatılmışam. Bunlardan Avropa ölkələri sırasında Almaniya, Fransa, Polşa, İsveçin  adını çəkə bilərəm. Qırğızıstan və Ukraynada da maraqlı məkanları görmüşəm. Son illərdə yaddaqalan səfərlərimdən biri Böyük Britaniyaya olub. Orada Şerlok Holmsun “yaşadığı” ünvanda olub, ona həsr edilmiş muzeyi gəzmək ən böyük arzularımdan biri idi. Həmin səfər zamanı Londonla yanaşı, Kardiffi də gəzmək imkanı qazandım. Macarıstan, Avstriya və Slovakiya səyahəti də mənə unudulmaz anlar yaşatmışdı.

Amma, sözsüz, ABŞ səfərinin hər məqamı xatirimdədir. Orada “Titanik”dən çıxarılan əşyaların sərgisinə tamaşa etməkdən, əsl amerikan futbolunu stadionda izləməkdən, şəhəri 65-ci mərtəbədən seyr etməkdən zövq almışdım. Olduğum hər bir ölkədə mütləq muzeylərə və tarixi məkanlara gedirəm. Şəhərlə qısa tanışlıq üçünsə adətən “Hop on-hop off” ipli avtobuslar kifayət edir.

Gözəllik, sakitlik baxımından “Avropanın paytaxtı” adlandırılan Strasburqu çox sevirəm. Bununla belə, dəfələrlə səyahət etmək istədiyim şəhər İstanbuldur. Bu şəhərə səfər fürsətini heç vaxt əldən vermirəm.

– Bu, neçənci pasportunuzdur?


–  Artıq üçüncü xarici pasportumu daşıyıram.

– “Burada qalıb yaşayardım” dediyiniz yer olub?

– Əlbəttə, insan xarici ölkəyə gedəndə, əsasən, oranın gözəl yerlərini görür, ürəyindən “burada qalıb yaşayarım” fikri keçir. Amma sonra yerli əhali ilə təmas qurursan, sakinlərlə söhbət edirsən, görürsən ki, heç yerdə həyat yağ-bal deyil. Ola bilər ki,  haradasa qanunun aliliyi daha yaxşı qorunur, haradasa insanların münasibəti daha mehribandır, xidmət səviyyəsi, təhsil sistemi daha yüksəkdir. Amma problemlər hər yerdə var. Həm də düzünü desəm, ailəmə bağlı insan kimi xaricdə çox qala bilmərəm. Fikirləşirəm ki, hər kəsi, səni tanıyanları, dost-tanışları, yaxınlarını atıb getmək elə də rahat olmaz. Türkiyəyə gəlin köçən rəfiqələrim var, deyirlər, Azərbaycan üçün burnumuzun ucu göynəyir, hətta bəyənmədiyimiz, xoşladığımız adamlar üçün də darıxırıq. Halbuki, Türkiyə dini bir, dili bir olduğumuz, bizə ən yaxın ölkələrdən biridir.

– Bəs işdən kənar necə dincəlirsiniz?


– Büdcəmiz yalnız yaxın xaricdə istirahət etməyə imkan verir. Son illər tətil günlərini şəxsi avtomobilimizlə Gürcüstan, Rusiya və Türkiyədə keçirmişik. Bu metod həm bilet puluna qənaət etməyə, həm də həmin ölkənin təkcə reklam olunan yerlərini deyil, çox bölgələrini görüb kəşf etməyə imkan verir. Digər tərəfdən, avtomobillə səyahət çətin olması ilə yanaşı, həm də çox maraqlıdır.

–  Heç getdiyiniz yerdən təəssüflə döndüyünüz olub?


– Neçə illərdir uşaqlıq dövrümdə populyar kurortlardan olan Yessentuki, Kislovosdk zonasına getməyi arzulayırdım. İki il öncə yay tətilini orada təəssüf və təəccüblə keçirtdik. Çünki  elə bil həmin şəhərlərdə uşaqlıq illərimdən bəri heç nə dəyişməmişdi: kontingent, küçələr, parklar, abidələr – eynilə qalırdı və kifayət qədər köhnəlmişdi. Hətta radioda da 80-ci illərin sovet ulduzlarının mahnılarını oxutdururdular.  Elə bil oralarda zaman o vaxtdan donmuşdu…

– Adətən ölkədən kənarda yeni yerlər kəşf etməklə yanaşı, eksperimentlər də etməyə çalışırıq. Bu eksperimentlər də bəzən çətin situasiyalara səbəb olur. Fərəhin basına hansı çətinliklər gəlib?


– Fransada olarkən fürsətdən yararlanıb Lüksemburqu da gəzmək qərarına gəlmişdik. Həmişə özümə söz verirəm ki, tanımadığım yerlərdə eksperiment etməyim, amma olmur. Həmin səhər də oteldən çıxıb vağzala gələndə guya kəsə yolla getmək istədim və nəticədə azdığım üçün vağzala gecikdim. Jurnalist dostlarım da gəlməyəcəyimi sanıb artıq bilet almışdılar. Qısası, onlardan bir saat sonrakı qatara bilet aldım. Amma tək getmək istəmədiyimdən elə həmkarlarımla  eyni qatara mindim. Yol boyunca dostlar məni əmin edirdilər ki, burada qanun çox ciddidir. Deyirdilər ki, “konduktor gəlib səni düşürdəcək, Fransa və Lüksemburq sərhədində haradasa ilişib qalacaqsan, qayıda bilmyəcəksən” və s. Konduktor biletə baxıb, heç nə demədən özümə qaytardı. Məhz bundan sonra içimdəki həyəcan üzə vurdu və dəli kimi gülməyə başladım. Konduktor mənə xeyli baxdı, fransız filində nəsə soruşdu, axırda da “kreyzi”deyib uzaqlaşdı.

– Qatardan söz düşmüşkən, qatarın dalınca baxa-baxa qaldığınız an olubmu?


– Bəli, qatarla bağlı gülməli bir hadisə Gürcüstan-Azərbaycan sərhədində başıma gəlib. Qadın jurnalistlərlə Tiflisdən qayıdanda ölkələr arasında saat fərqini unutduq, başımız sərhəddəki duty-free mağazasına qarışdı. Ağstafada vağzala çatanda gördük Bakı qatarımız artıq perronu tərk etdi. Bundan sonra taksiylə qatarın arxasınca düşməyimiz heç yadımdan çıxmır. Ümumiyyətlə, xarici ölkələrdə olanda çox maraqlı hallar yaşanır. Türkiyənin ucqar bölgələrindən birində 150 il yaşı olan qədim təsbeh saxlayan yaşlı adam tapmışdıq. Bakıda olduğu kimi, Avropada da avtobusa pul vermədən minmişdik. İsveçin kiçik bir şəhərində yolu o qədər  qaydasız keçmişdik ki, 3 həftənin sonunda artıq yerli sakinlərdən də bizim arxamızca gələnləri olurdu. Almanlar o qədər nizamlıdırlar ki, neçə dəqiqə boş yolda dayanıb işıqforun sönməsini gözləyirdilər. Sayəmizdə işıqforun altındakı “Təcili keçiş” düyməsindən istifadə etməyi öyrəndilər və s.

– Olduğunuz yerlərdə nə yeməyə üstünlük verirsiniz?

– Müxtəlif səfərlərdə bir çox ölkələrin mətbəxi ilə tanış olmuşam və bəyəndiyim yeməklər çox olub. Avropada  duzlu və sarımsaqlı çörək növlərini çox xoşlayıram. Bir də Türkiyədə olarkən “kirəmitdə balıq” yeyirəm. Konkret bəyənmədiyim yeməklər hind mətbəxinə aiddir. Onlar o qədər ədvalı, o qədər istiotludur ki, bizim ağız dadımıza qəti uyğun gəlmir.

– Xarici ölkələri kəşf etmək çox gözəldir, bəs bu kəşflər sırasında Azərbaycanın hansı rayonları var?


– Ailəcə ölkəmizin demək olar ki, hər zonasında olmuşuq, çox gözəl məkanlar kəşf etmişik, xeyli yerləri  gəzib-dolaşmışıq. Ən çox da Şəkini bəyənmişik. Beş ulduzlu otellərdə də qalmışıq, yol kənarındakı motellərdə də. Təəssüf ki, rayonların hamısında eyni problemlərlə üzləşirsən – gecələmək üçün qiymətlər kifayət qədər yüksəkdir. Təbii, dəbdəbəli mehmanxanalar da lazımdır. Amma axı əsl turistlər yeni yerləri gəzməyə gəlir və otel ona yaşamaq üçün yox, yalnız gecəni rahat qalmaq üçün lazımdır. O otel divarındakı bəzəklərə, mərmərə, cah-cəlala niyə artıq pul ödəməlidir? Fikrimcə, bölgələrimizdə hər büdcəyə uyğun otellər  olmalıdır.

Ötən Novruz bayramını cənub zonasında keçirdik. Lənkəranda otellər bomboş qalsa da, otaqları heç 10 manat aşağı vermirdilər. Yalnız Rusiyalı biznesmenin idarə etdiyi mehmanxanada ucuz yer tapdıq.

– Bölgələrimizdə sizi qane etməyən tək məqam otel qiymətləridir?

– Rayonda istirahət zamanı ən yaralı yerlərdən biri də yeməklərlə bağlıdır. Ofisiantların xidmət səviyyəsini bir qırağa qoysaq, yemək çeşidləri də azdır. Xaricdən gələn turistə nə vaxta qədər ancaq “tikə, lülə, basdırma” təklif edəcəyik?

– Ənənəvi sualımız: Fərəh Sabirqızını Bakıda işdən kənar daha çox harada görə bilərik?


– Biz paytaxtda vaxt keçirmək istəyəndə “həm uşaqlara, həm özümüzə” prinsipini əsas tuturuq. Ona görə də daha çox attraksionları və yaşıllığı çox olan parkları seçirik. Bu baxımdan, Yasamal Parkı və Zabitlər Bağına üstünlük veririk. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü