Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında iştirak etmək üçün Hollandiyaya yola düşüb. Tədbir noyabrın 4-5-də ölkənin paytaxtı Amsterdamda baş tutacaq.
Modern.az-ın məlumatına görə, toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan Mətbuat Şurasının hesabatı və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı müzakirəyə çıxarılacaq.
Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafına, mətbuat şuralarının fəaliyyət istiqamətlərinə, onlayn jurnalistikanın cəmiyyətdəki yerinə, internetdə gedəm çateriallarda peşə prinsiplərinin gözlənilməsinə dair diskussiyaların aparılması da daxildir. Qeyd edək ki, sonuncu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasında müzakirələrə başlanılıb və saytların fəaliyyətinə dair bir fakt araşdırılıb. Şura sədri çıxışında həmçinin bu məsələyə də toxunacaq.
Ə.Amaşov səfər çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq.