Havaların soyuması ilə bərabər qaz sızmasından baş verən partlayış, dəm qazından zəhərlənmə və bunun fonunda yaşanan ailə faciələri başlayıb. Bir neçə gün əvvəl Goranboyda qaz sızmasından baş verən partlayışdan sonra yaşanan faciə kimi...
Xəbər verdiyimiz kimi, hadisə zamanı zərərçəkən bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildikdən sonra ata - İnqilab Qasımov bədəninin 98 faizinin yanması səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Şəbnəm Qasımova və iki övladı hələ də xəstəxanadadır.
Baş verənlərin bir neçə səbəbini göstərmək olar. Bunların içərisində vətəndaşların məsuliyyətsizliyi, keyfiyyətsiz qızdırıcılardan istifadə, vanna otağında tüstü bacasının düzgün qoşulmaması da var. Xüsusilə qış aylarında qaz sızmasına daha çox rast gəlinir. Ekspertlər qazın tərkibində heç bir zəhərli maddə olmadığını qeyd edir. Sadəcə, qazı yandıranda, onun yanma prosesi düzgün getməyəndə karbon 4 oksid əvəzinə, karbon monoksid - yəni dəm qazı ayrılır. Bu da insanı zəhərləyir. Əgər bir otaqda 1,4 faiz dəm qazı yığılıbsa, 7 dəqiqədən yarım saata qədər insan zəhərlənir, beyin toxumaları məhv olur və beləliklə, insan ölür.
Bəs, istehlakçıları “mavi ölüm”dən qorumaq üçün aidiyyəti qurum olan “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə necə hazırlaşıb?
Modern.az saytının bu qəbildən olan suallarını birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev cavablandırıb. O qeyd edib ki, birlik payız-qış mövsümünə tam hazırdır:
“Hazırlıq tədbirləri çərçivəsində qaz xətləri təmir olunub, istismara yararsız xətlər yenilənib, təmir olunan xətlər dayaqlar üzərinə qaldırılıb. Qaz xətləri üzərində tənzimləyici şkafların sayı artırılıb. 2015-ci ilin 9 ayı ərzində yaşayış sahəsinin qazlaşdırılması məqsədilə 9 min 218 km yeni qaz xətləri quraşdırılıb, 419 km qaz kəməri əsaslı təmir olunub. Yanvar-sentyabr ayları ərzində regionlarda 217 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub.
Zəruri sənədləri təqdim olunan, normativ, texniki və təhlükəsizlik tələblərinə cavab verən 314 çoxmərtəbəli binaya qazın açılması tərəfimizdən təmin olunub”.
İbrahim Kərbalayev payız-qış mövsümünə keçidlə bağlı qaz verilişinin tələbata uyğun tənzimləndiyini bildirib:
“Fəsildən və aydan asılı olmayaraq qaz verilişi tələbata uyğun tənzimlənir.
Havaların isti, yaxud soyuq keçməsindən asılı olmayaraq, bu ilin yanvar-sentyabr ayları ərzində 190 min 48 mənzilə texniki baxış keçirilib, istehlakçılar təbii qazdan istifadə qaydalarına dair təlimatlandırılıb.
Sakinlərdən kimsə qapını açmaq istəmirsə və ya evdə olmursa birliyin, əməkdaşımızın koordinatları qeyd olunan xəbərdarlıq bildirişi qapıya asılır”.
Qurum rəsmisi nöqsanların daha vanna otağında qeydə alındığını bildirib:
“Baxış zamanı xüsusilə tüstü bacası və havalandırma sistemi ilə bağlı nöqsanlar aşkarlanır, bununla bağlı müvafiq tədbirlər həyata keçirilir. Vanna otağının qapısının aşağısında bir neçə havalandırma nəfəsliklərinin olması vacib şərtdir. Mənzillərdə detektirlərin quraşdırılması tövsiyə edilir ki, şəxs evdə olmadığı zaman mənzildə nəzarətsiz sönən alovdan yaranmış qaz sızması əmələ gələn zaman detektrin qəbuledici hissəsi siqnalı qapayıcı hissəyə ötürür. Qapayıcı hissə mənzilə qaz xəttinin girişi üzərində quraşdırılıb. Siqnal ötürülən qapayıcı hissə dərhal qapanır”.
İbrahim Kərbalayev “Azəriqaz” istehlakçılarını təbii qazdan istifadə zamanı diqqətli və ehtiyatlı olmağa çağırıb.
Gülşən RAUFQIZI