Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, kollegiya iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl edilib. Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil edib ki, bu da proqnozun 100,8 faiz icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir.
Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan nazir cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirib.
Fazil Məmmədov bildirib ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən edib.
Vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayan nazir, vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən nazir, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb Qeyd edilib ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquqpozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcək.
F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.
Bu göstəriş obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu.
F.Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.
Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə aradan qaldırılmasını tələb etmişdir.
F.Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.
F.Məmmədov bildirib ki, vergi orqanları üçün gələn ilin büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı, gücləndirilmiş iş rejimində çalışmalıdır.
Kollegiya iclasında Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında verilmiş tapşırıqların və 2016-cı ilin dövlət büdcəsinin icrası məqsədilə Tədbirlər Planın hazırlanması barədə qərar qəbul edilib.
Modern.az