“Deputat fəaliyyətinə yanaşmada bəsit bir lokal yanaşma sərgiləmək doğru deyil”
Mahir Abbaszadənin Milli Məclisin deputatlığına namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
40 yaşı var, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Laçın rayonunda doğulub və namizədliyi də elə 121 saylı Laçın seçki dairəsindən verilib.
Hakim partiyanın gəncləşmə siyasəti çərçivəsində namizədliyi ilk dəfə irəli sürülən Mahir Abbaszadə, diqqətimizi fəal seçkiqabağı kampaniyası ilə çəkdi və ona suallar ünvanladıq.
- Mahir müəllim, artıq seçkiqabağı təşviqat başa çatmaq üzrədir. Görüşləriniz necə keçir?
- Hələ kampaniya yenicə başlayanda bəyan etmişdim ki, hər bir laçınlının ayağına getməyə çalışacam. Hazırda seçki qərargahımın üzvləri ilə bir yerdə ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış seçicilərimizlə görüşlər keçiririk. Artıq Sumqayıt, Abşeron və Bakı şəhərinin müxtəlif rayonlarında görüşlərimizi başa vurub üz tutmuşuq digər rayon və şəhərlərimizə. Mingəçevir, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şəki və ətraf rayonlarda məskunlaşmış həmyerlilərimizlə çox faydalı görüşlərimiz baş tutub. Kampaniyanın sonunadək Bərdə, Tərtər, Ağcəbədi və ətraf rayonlarda yaşayan seçicilərimizin də görüşünə gedəcəyik.
Onu deyim ki, insanlardan böyük dəstək görürük. Bunu ilk növbədə mənim namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyasına və onun sədri, ölkə Prezidenti cənab İlham Əliyevə xalq dəstəyinin təzahürü kimi qiymətləndirirəm. Mənə böyük bir etimad göstərilib və namizədliyimin hakim partiya tərəfindən irəli sürülməsi məsuliyyətimi ikiqat artırır. Seçicilər tərəfindən də ciddi dəstək hiss edirəm. Odur ki, səsvermədə qalib gələcəyim təqdirdə çalışacam həm partiyanın, həm də seçicilərimin etimadını doğruldum.
- Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra rayon əhalisi ölkənin, səhv etmirəmsə, 58 rayonunda məskunlaşıb. Bu faktor kampaniyanızın gedişinə necə təsir edir?
- Əlbəttə, təsir edir. Məcburi köçkün həyatı yaşyan seçicilərimiz müxtəlif bölgələrdə məskunlaşıb. Buna baxmayaraq biz çalışırıq ki, maksimum sayda insanlarınproblemlərini dinləyək, onların məsləhətlərini eşidək, xeyir-dualarını alaq. Elə görüşlərimizin böyük intensivliklə təşkili də məhz bununla bağlıdır. Bəzən bir gündə bir neçə rayonda görüşlər keçirməli oluruq. Təbii ki, təşviqat kampaniyasına ayrılan vaxt ərzində bütün bölgələrə səfər etmək fiziki baxımdan mümkün olmayacaq. Ona görə görüş yeri kimi laçınlıların daha çox kompakt yaşadıqları bölgələri seçmişik.
Lakin bu, o demək deyil ki, digər yerlərdə yaşayan insanlarımızın dərdləri bizi qayğılandırmır və ya onların səsi bizim üçün əhəmiyyətli deyil. Əksinə, biz hər bir laçınlının səsi uğrunda mübarizə aparırıq. Ümid edirəm ki, insanlar öz səslərini mənə verəcək və bununla da onların hər birinin ayağına gedib problemlərinin həllində biləvasitə iştirak etmək üçün 5 illik bir fürsət qazanacam.
Hələlik isə çalışırıq ki, görüşə bilmədiyimiz insanlara mətbuat və sosial şəbəkələr vasitəsilə seçicilərə öz proqramımızı, problemlərə baxışlarımızı çatdıraq, onların fikirlərini öyrənək, məsləhətlərini eşidək.
- Yeri gəlmişkən, müşahidələrimiz göstərir ki, mətbuat və sosial şəbəkələrdə təbliğata da az önəm vermirsiniz…
- Təbii. Biz gəncik, müasir və təhsilli insanlarıq. Sosial şəbəkələrin və yeni medianın ictimai həyata təsirini nəzərə almaya bilmərik. Ənənəvi seçki texnologiyaları ilə yanaşı ən müasir vasitələrdən də bəhrələnməyə çalışırıq. Bu gün dövlətimizin yürütdüyü sosial-iqtisadi siyasət nəticəsində əhalinin 70%-dən çoxunun İnternetə çıxış imkanı var və biz bu imkanlardan mütləq istifadə etməliyik.
Bu gün bəzən hətta bir ailənin üzvləri belə iş çoxluğundan bir biri ilə virtual məkanda əlaqə saxlayır, öz problemlərini bu yolla həll edirlər. Nə üçün biz bu yoldan istifadə etməyək ki?
- Səmərə verirmi bu təbliğat üsulu?
- Əlbəttə verir. Təkcə seçki qərargahımızın yaratdığı «Mahir Abbaszadə» Facebook səhifəsinə hər gün minlərlə baxış olur. Orada seçicilərimizə görüşlər barədə məlumatlar verir, bir sıra məsələlərə münasibətimizi paylaşırıq, seçicilərimiz isə öz fikir, arzu və istəklərini bölüşürlər. Hətta tənqid də eşidirik və bu, bizi sevindirir. Çünki tənqid olmayan yerdə inkişaf da yoxdur.
- Tənqiddən söz düşmüşkən. Seçki dövründə rəqib düşərgələrin bir birini tənqid etməsi təbiidir. Rəqiblərinizi necə qiymətləndirirsiniz. Onlara deyəcəyiniz varmı?
- Bilirsiniz, mənə də, rəqiblərimə də sonda seçici öz qiymətini verəcək. Seçki prosesi də elə bunun üçündür. Şükür Allaha ki, Azərbaycanda hər kəsin öz təşviqatını aparması üçün dövlətimiz tərəfindən kifayət qədər münbit şərait yaradılıb və hər kəs insanlara öz sözünü bacardığı şəkildə çatdırır. Bu baxımdan düşünürəm ki, elin gözü tərəzidir, Laçın əhalisi çox müdrikdir - pisi yaxşıdan, yalanı doğrudan seçə bilir. Rəqiblərimə isə uğurlar arzulayıram. Necə deyərlər, qoy güclü qalib gəlsin!
- Bəs öz şansınızı necə qiymətləndirirsiniz?
- Söhbətimizin əvvəlində dediyim kimi, laçınlılar tərəfindən çox böyük dəstək hiss edirəm. Görüşlərimiz faydalı keçir, ən müxtəlif təbəqələri təmsil edən insanlar, ziyalılar, kəndlilər onları maraqlandıran məsələləri qaldırır, problemlərə yanaşmamızı öyrənir, mənə öz xeyir-dualarını verirlər. Lakin bu bir marafondur, sonadək mübarizə aparmaq lazımdır və biz bu mübarizəni çox açıq aparırıq.
Bildiyiniz kimi, hakim partiya öz namizədlərinə qarşı çox tələbkardır, namizədləri irəli sürməzdən əvvəl onların həyat və fəaliyyətini təhlil edir, ictimai nüfuzunu öyrənir. Yəqin ki, mənimlə də bağlı belə təhlillər aparılıb və bunun nəticəsində mənə bu böyük etimad göstərilib.
Mən də öz növbəmdə imkanlarımı kifayət qədər ölçüb-biçmişəm. İstənilən işdə qələbə qazanmaq üçün imkanlarını yaxşı qiymətləndirməlisən. Özünə güvənmək üçün əsasın olmalıdır. Bu baxımdan inanıram ki, partiyamızın gözləntiləri və mənə göstərdiyi etimad özünü doğruldacaq.
- Qənaətinizdə əmin görünürsünüz…
- Bilirsiniz, mən sadə Laçın camaatının içindən çıxmışam və onların görüşünə hər şeydən əvvəl bir laçınlı kimi gedirəm. Görüşümə gələnlərə elə belə də deyirəm:“mən, sizin birinizəm”. Yəqin bilirsiniz ki, mən Laçın rayonunda müəllim ailəsində dünyaya gəlmişəm.Atam əməkdar müəllimdir. Hamı kimi bizim ailəmiz də köçkünlük taleyi yaşayır. Uzun müddət Sumqayıtda 2 nəfərlik yataqxana otağında 7 nəfərlik ailəmizlə birlikdə məskunlaşmışıq. Elə bu dözülməz şəraitdə də ali təhsil alıb cəmiyyətdə müəyyən mövqe sahibi olmuşuq. Bu baxımdan məcburi köçkünlərin qayğıları mənim üçün yad deyil.
Bu gün mən iqtisad elmləri üzrə fəlsəfə doktoru, bir çox elmi məqalələrin, monoqrafiyaların müəllifiyəm. Həmçinin elmi fəaliyyətimi davam etdirirəm, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıyam. Qismət olarsa, doktorluq dissertasiyamı da müdafiə edib daha böyük elmi biliklərlə xalqımın xidmətində durmaq istəyirəm.
Düşünürəm ki, artıq indi iqtisadi sahədə qazandığım elmi və praktiki təcrübə, dünyagörüşü, xarici dil biliklərim və seçicilərə güvənim mənə imkan verir ki, rayonumuzu Milli Məclisdə layiqincə təmsil edim.
- «Layiqincə təmsil etmək» dedikdə nəyi nəzərdə tutursunuz?
- Bir millət vəkilinin üzərinə düşən bütöv bir missiyanı. Dediyim kimi, mən öz seçicilərimin içindən çıxmış biriyəm və onların qayğılarına yaxşı bələdəm. İndiyədək də Laçın camaatının xeyirində, şərində iştirak etmiş bir insanam. Həmişə çalışmışam ki, imkanım daxilində onların problemlərinin həllinə dəstək olum. Lakin düşünürəm ki, Milli Məclisdə təmsil olunsam bu problemlərin içərisinə daha dərindən girib, onların həllində daha yaxından iştirak edə biləcəm. Bu, həm də bir millət vəkili kimi mənim boynumun borcu olacaq.
- Deməli, seçiləcəyiniz təqdirdə əsas missiyanız kimi biləvasitə sizə səs verən insanların problemlərinin həllini görürsünüz?
- Təbii ki, hər bir millət vəkili ilk növbədə ona verilən səsləri doğrultmalı, seçicisinin yanında olmalı, onun qayğılarını öz qayğısı bilməlidir. Lakin, deputat fəaliyyətinə bəsit bir lokal yanaşma sərgiləmək də doğru deyil. Millət vəkili qanunverici hakimiyyətin təmsilçisidir. O, öz rayonu ilə yanaşı, bütövlükdə ölkənin problemlərinin həllində yaxından iştirak etməli, parlamentin işində fəallıq göstərməlidir.
- Elə isə hansı problemlərii prioritet hesab edirsiniz?
- Bildiyiniz ki, cənab Prezidentin yürütdüyü siyasətin kökündə insanların sosial rifahının yaxşılaşdırılması durur. 2005-2015-ci illərdə təkcə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 5,1 milyard manat vəsait ayrılıb. Bu, təxminən 260 min insanın yeni mənzillərlə təmin olunmasına imkan verib.
Düşünürəm ki, seçilərəmsə ölkə miqyaslı sosial proqramların, qanunların hazırlanmasında yaxından iştirak edəcəm, o cumlədən öz seçicilərimin maraqlarının da bu qanunlarda əksini tapmasına çalışacam.
Digər tərəfdən, həm əldə etdiyim nəzəri biliklər, həm də bank işi sahəsində qazandığım təcrübə sayəsində iqtisadi qanunvericiliyin təkmilləşdirilməsinə real fayda verə bilərəm.
Ən əsası isə, unutmamalıyıq ki, Laçın əhalisi məcburi köçkünlük taleyi yaşayır və bizə məskunlaşdığımız yerlərdə nə qədər gözəl şərait yaradılsa da, hər birimizin içində bir torpaq həsrəti, yurd nisgili var. Fikrimcə, ata-baba yurdlarımıza qayıtmaq yolları tükənməyib və bu yolda Prezidentimizin yürütdüyü siyasətə dəstək olmağa çalışmalıyıq. Seçilərəmsə, millət vəkili kimi əsas missiyam da elə bu olacaq.
Modern.az