Modern.az

“Azərbaycana üçüncü ölkələrdə istehsal olunan dərman gətirilməməlidir”

“Azərbaycana üçüncü ölkələrdə istehsal olunan dərman gətirilməməlidir”

İqtisadiyyat

26 Oktyabr 2015, 13:47

 

Müxtəlif xəstəliklərdən müalicə olunmaq üçün bu və ya digər dərmandan istifadə etməməyimiz mümkün olmur. Həkim yanına gedəndə isə büdcəmizə uyğun dərmanları yazmağı xahiş edirik, bəzilərimiz pula qənaet etmədən baha dərmanların keyfiyyətli olduğunu düşünüb alırıq, bəzilərimiz isə ucuz dərmanlara üstünlük veririk. İstifadə etdiyimiz dərmanların təsiri isə başqa problem kimi qarşımıza çıxır. Ümumiyyətlə, bu gün Azərbaycana hansı ölkələrdən dərman idxal olunur və onların keyfiyyət göstəriciləri necədir?  

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, dərman preparatları ilə bağlı xeyli problemlər indiyə qədər qalmaqdadır. Onun sözlərinə görə, dərmanların qeydiyyatı ilə bağlı müəyyən məsələlər Səhiyyə Nazirliyində qaydaya salınıb, amma onların keyfiyyət parametrləri ilə bağlı problemlər hələ də var:

“Müşahidələrimiz zamanı müəyyən edilib ki, eyni tərkibli bir ölkənin antibiotiki başqa bir ölkənin məhsulu ilə müqayisədə o qədər təsirli olmur. Yaxud ölkəyə bir dərman preparatı gətirilir, bir müddət sonra görürsən ki, onun təsiri əvvəlki keyfiyyətdə deyil. Bu cür problemlər hələ də qalmaqdadır. Nə qədər ki, bu problemlər var, o qədər də dərman bazarındakı durum acınacaqlı olaraq qalacaq”.  

Adil Qeybulla çıxış yolu təklif edir ki, ölkədə mütləq dərman maddələrin dövlət reyestri və dövlət farmokapiyası yaratmaq lazımdır: “Azərbaycan ərazisinə daxil olan dərman preparatlarının hər biri qeydiyyatdan keçməlidir və dövlət farmokapiyasında qeydiyyatda olmalıdır.

Əks halda, insanlar bu dərmanları tanımadan problem qalacaq. Dərman maddələrinin keyfiyyəti ilə bağlı bir şey deyə bilmirik, çünki dərmanları yoxlayan labaratoriya tamamilə başqadır. Bu gün dərmanların Azərbaycan ərazisində keyfiyyətini təşkil etmək üçün ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olan dərmanlar ölkəyə idxal edilməlidir. Tərkibi naməlum olan, qeydiyyatdan keçməyən, dünyada tanınyaman, üçüncü ölkələrdə istehsal bazardakı dərmanların əksəriyyəti bu kateqoriyadandır”.  

Ekspert qeyd edib ki, ölkəmizə Avropa ölkələrindən gətirilən dərmanlar bahadır: “Bu dərmanlar Azərbaycan ərazisində də baha olduğu üçün kommersiya qurumları maraqlıdır ki, ucuz işçi qüvvəsinin olduğu üçüncü ölkələrdə istehsal olunan dərmanlar istehsal olunsun. Onların keyfiyyəti təəssüflər olsun ki, şübhə altındadır. Ən keyfiyyətli dərmanlar Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatdan keçən, Avropada, Amerikada istehsal olunur. Çünki bunlar həm klinik testlərdən keçir, dünyada tanınır, ayrı-ayrı ölkələrdə istehsal olunur. Ona görə də bu dərmanların keyfiyyət parametləri yüksəkdir”.  

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə bildirib ki, dərmanlar ölkəyə idxal olunmazdan əvvəl dövlət qeydiyyatı  prosedurundan keçirilir: “Bundan sonra onların ölkəyə idxalına və istifadəsinə icazə verilir.

Hazırda ölkəyə idxal olunan dərman vasitələrinin 55 faizi Avropa ölkələrindən gətirilir. Rusiya, Türkiyə və digər MDB ölkələrindən, Moldova, Belarus, Ukrayna, ABŞ, Kanadan da dərman vaitələri idxal olunur. Yerli istehsal isə haradasa 2 faiz təşkil edir. Hazırda qeydiyyatda olan dərman vasitələri içərisində Hindistan istehsalı da var, bu da təxminən 2 faiz təşkil edir”.

Pərviz Əzizbəyovun sözlərinə görə, idxal olunan bütün dərman vasitələri dövlət qeydiyyatından keçəndə onların ekspertizası aparılır, keyfiyyət effektivliyi və təhlükəsizlik parametrləri yoxlanıldıqdan sonra dövlət qeydiyyatına alınır və həmin dərman vasitələrinin ölkəyə idxalına, istifadəsinə icazə verilir:

“Ona görə də Rusiya və ya Avropa istehsalı olmasının fərqi yoxdur. Əgər onun dövlət qeydiyyatı varsa, onun parametləri yoxlanılıb və qiymətləndirdikdən sonra ölkəyə idxalına icazə verilib. Sadəcə, vətəndaşlar dərmanları alan zaman onun dövlət qeydiyyatında olub-olmamasına əmin olsunlar.

Hər bir vətəndaş öz büdcəsinə uyğun olaraq dərman vasitəsi seçir. Eyni təsiredici maddəyə malik dərman vasitələri var ki, müxtəlif ölkələr istehsal edir və qiymətləri də ölkələrdən asılı olaraq müxtəlifdir. Dərman vasitəsinin ucuz və ya baha olmasının onun keyfiyyəti ilə bağlı problemi yoxdur”.  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama