ABŞ-da nəşr edilən “Journal of Coupled Systems and Multiscale Dyanmics” jurnalı, həmçinin ABŞ və İngiltərədə çap olunan “Mathematical Methods in the Applied Sciences” jurnalı Almaniyada yaşayan məşhur azərbaycanlı alim Məsud Əfəndiyevin 60 illik yubileyinə xüsusi buraxılış həsr ediblər.
Jurnalların xüsusi buraxılışlarında azərbaycanlı alimin zəngin həyat və fəaliyyətindən ətraflı bəhs olunur, onun dünya elminə verdiyi töhfələrdən, qazandığı parlaq nailiyyətlərdən söhbət açılır.Məsud Arif oğlu Əfəndiyev 1953-cü ildə Azərbaycan Respublikasının Zaqatala rayonunda anadan olub. 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına tam orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində 2 il təhsil alıb. Sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirib. Universitetdən sonra aspiranturada, doktoranturada təhsil alıb, müvəffəqiyyətlə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda çalışarkən Almaniya hökumətinin təsis etdiyi A.fon Humboldt adına nüfuzlu mükafata (indi "Kiçik Nobel" adlandırılır) layiq görülüb. Həmin mükafatı alanlar ənəvi olaraq Almaniyaya dəvət olunurdular. O zaman M.Əfəndiyev də Almaniyaya dəvət edilib. 1991-ci ildən indiyədək görkəmli riyaziyyatçı alim Almaniyanın müxtəlif nüfuzlu universitetlərində (H.Helmholts adına Münhen Elmi Tədqiqat Mərkəzi, Münhen, Ştutqart, Berlin və digər universitetlər) çalışır və səmərəli elmi-tədqiqat işləri ilə məşğul olur.
Tanınmış alim bu illər ərzində sanballı elmi nüfuz qazanıb və yüksək uğurlar əldə edib. O, 2005-ci ildə Yaponiyanın nüfuzlu "Jaran Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatını alıb, elə həmin il bu ölkənin Okayama şəhərində keçirilən Yaponiya Riyaziyyatçılar Cəmiyyətinin illik yığıncağında əsas məruzəçi olub. Kioto Riyaziyyat Elmləri Tədqiqat İnstitutunun konfranslarında daim baş məruzəçi olur.
M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyat alimidir. O, eyni zamanda ABŞ-da nəşr olunan nüfuzlu "International Journal Biomathemaies and Biostatisics" jurnalının redaktorudur. Hazırda elmi əsərlərindən ən çox sitat gətirilən dünya alimlərindən biri olan M.Əfəndiyev müxtəlif sanballı elmi jurnallarda dərc olunmuş 200-dən artıq məqalənin müəllifidir. Onun "Fredholm Structures Torological Invariants and Arrlications" və "Analysis and Simulation of Multifield Problems" adlı monoqrafiyaları isə dünya elminə sanballı töhfə kimi qəbul olunur.
M.Əfəndiyevin elmi-pedaqoji fəaliyyətinin mühüm bir istiqamətini də onun dünyanın aparıcı universitetlərində mühazirələr oxuması təşkil edir. İndiyədək ABŞ-ın məşhur Prinston Universiteti də daxil olmaqla, onlarca universitetdə silsilə mühazirələr oxuyur. 7 dil bilən azərbaycanlı alim mühazirələrini tərcüməçi vasitəsilə deyil, auditoriyanın öz dilində təqdim edir. Azərbaycan alimlərinin dünya arenasına çıxması, ölkəmizin Avropa təhsil məkanına inteqrasiyası baxımından da M.Əfəndiyev səmərəli işlər görür. O, 50-dən çox azərbaycanlı alimi müxtəlif müddətə Almaniyaya dəvət edib. Şəxsi əlaqələri hesabına çoxsaylı tələbələrin Almaniya universitetlərində oxumasına şərait yaradıb.
Dünyada tanınmış azərbaycanlı alim M.Əfəndiyevi 60 illik yubileyi münasibətilə təbrik edir, səmərəli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, uzun ömür və möhkəm cansağlığı arzulayırıq.
Modern.az